2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Səbail” tədris korpusunda müstəqil Azərbaycanın memarı, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş Heydər Əliyev Muzeyi yaradılmışdır. 2019-cu ildə Heydər Əliyev Muzeyi universitet rektorunun əmri ilə Heydər Əliyev Mərkəzinin tabeliyinə verilmişdir. Heydər Əliyev Muzeyinin ekspozisiyasındakı fotostentlərdə və vitrinlərdə ulu öndərin həyatı, onun uşaqlıq və gənclik illərinə, milli təhlükəsizlik orqanlarında çalışdığı illərə, Azərbaycana birinci və ikinci rəhbərliyi dövrünə həsr olunmuş fotoşəkillər, sənədlər, kitablar nümayiş etdirilir. Ekspozisiyada ulu öndərin “Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır” müdrik kəlamı qarşısında Heydər Əliyevin büstü ucaldılmışdır. Muzeyi ziyarət edən qonaqlar stendlərdə ulu öndərin müdrik kəlamları altında sərgilənən fotoşəkillərlə və vitrinlərdə nümayiş etdirilən sənədlərlə tanış olub, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, yüksək intellekti, dünyanın görkəmli siyasətçisi kimi müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətlərinin şahidi olurlar.
Muzey ekspozisiyasının birinci stendində Heydər Əliyevin “Adamların mənəvi aləmi təkcə əməkdə, ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalaşır” sətirləri altında ulu öndərin 1930-cu ilə aid ailə fotoşəkili, Naxçıvanda yaşadığı keçmiş Puşkin küçəsinin, İlanlı dağın, 1938-ci ildə Naxçıvan Pedaqoji Texnikumun və 1940-cı ildə Azərbaycan Sənaye İnstitutunun tələbəsi olduğu illərə aid fotoşəkillər, 1942-ci ilə aid Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin məsul əməkdaşı olarkən çəkdirdiyi fotoşəkil sərgilənir.
Muzey ekspozisiyasının ikinci stendində ümummilli liderin “Milli təhlükəsizlik orqanı hər bir dövlətin çox əhəmiyyətli, güclü və çox vacib təşkilatıdır” sətirləri altında Heydər Əliyevin 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarında leytenant vəzifəsində olarkən çəkilmiş fotoşəkili, 1949-cu və 1952-ci illərə aid həmkarları ilə çəkilmiş, 1950-ci ildə Leninqradda Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil aldığı vaxt çəkilən fotoşəkil, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri ilə birgə fotoşəkili, 1968-ci ildə general-mayor vəzifəsində olarkən çəkilmiş fotoşəkil sərgilənir.
Muzey ekspozisiyasının üçüncü stendində ulu öndərin “Mən sosialist sistemi daxilində xalqım üçün çox dəyərli işlər görmüşəm” sətirləri altında Heydər Əliyevin 1971-ci ildə Suraxanı rayonu neftçiləri ilə, 1973-cü ildə İməclikdə, 1975-ci ildə Bakı məişət kondisonerləri zavodu ilə tanış olarkən, 1975-ci ildə xalq şairi Səməd Vurğunun ev muzeyinin açılışında, 1976-cı ildə Lənkəranda Yuxarı Xanbulaq su anbarının açılışında və Yeni Bakı Neftayırma zavodunda çəkilmiş fotoşəkillər sərgilənir.
Muzey ekspozisiyasının dördüncü stendində Heydər Əliyevin “Tariximizin hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşmaq lazımdır” sətirləri altında 1983-cü ildə SSRİ nazirlər soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldəki iş otağında fotoşəkili, 1984-cü ilə aid Moskvada SSRİ Tibb Akademiyasının təntənəli iclasının rəyasət heyətində, Atomenergetika üzrə dövlətlərarası komissiyanın üzvləri ilə və Baykal-Amur magistralının tikintisindəki fotoşəkilləri, 1985-ci ildə Voloqda vilayəti Çerepoves metallurgiya kombinatında, 1987-ci ildə Volqoqrad şəhərində çəkilmiş fooşəkilləri sərgilənir.
Muzey ekspozisiyasının beşinci stendində ümummilli liderin “Naxçıvanı saxlaya bilməyimizin əsas səbəbi xalqın mənə inamı olmuşdur” sətirləri altında ulu öndərin 1990-cı ildə Naxçıvanda seçkiqabağı görüşün iclasında və Naxçıvan MR Ali Məclisinin ilk sessiyasında çəkilmiş fotoşəkilləri, 1991-ci ildə Bakıda Milli Məclisdə iştirakı zamanı çəkilmiş fotoşəkil, 1992-ci ildə Heydər Əliyevin Xəlilrza Ulutürklə birgə şəhidlərə həsr olunmuş mitinqdəki fotoşəkili, Naxçıvanda N saylı hərbi hissədə və Ümüd Körpüsünün açılışına gələn Süleyman Dəmirəlin qarşılanması zamanı fotoşəkilləri sərgilənir.
Muzey ekspozisiyasının altıncı stendində ulu öndərin “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qurur, yaradırıq” sətirləri altında 1993-cü ildə Heydər Əliyev andiçmə mərasimində, 1995-ci ildə Yeni ELOY AVT-2 qurğusunun açılışında, 1997-ci ildə Bakı elektrik maşınqayırma zavodunun açılışında, şəhid və əlil ailələri üçün yaşayış binasının açılışında, 1998-ci ildə Xəzər neft-qaz beynəlxalq sərgi konfransında və Dübəndi terminalının açılış mərasimində çəkilmiş fotoşəkillər sərgilənir.
Muzey ekspozisiyasının yeddinci stendində Heydər Əliyevin “Azərbaycan Respublikası milli dövlət quruculuğu yolunda uğurlar qazanaraq böyük gələcəyə doğru inamla addımlayır” sətirləri altında ulu öndərin 1998-ci ildə andiçmə mərasimində, 1999-cu ildə Binə Beynəlxalq Aerovağzal ilə tanışlıq zamanı, Şəmkirdə Yenikənd Su elektrik Stansiyasında, Gəncə billur zavoduna, Bakı istilik elektrik mərkəzinin açılışında, idman kompleksinin açılışında iştirakı zamanı çəkilmiş fotoşəkillər sərgilənir.
Muzey ekspozisiyasının səkkizinci stendində ümummilli liderin “Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır” sətirləri altında ulu öndərin 1994-cü ildə N saylı hərbi hissədə, 2001-ci ildə Hərbi təyyarəçilər məktəbinin ilk buraxılışına həsr edilmiş mərasimdə və Azərbaycan Ali Hərbi Məktəbinin ilk buraxılış mərasimində, 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi litseydə iştirakı zamanı çəkilmiş fotoşəkillər sərgilənir.
Muzey ekspozisiyasının doqquzuncu stendində ulu öndərin “Müstəqilliyi təmin etmək üçün çox düşünülmüş xarici siyasət aparmaq lazımdır” sətirləri altında Heydər Əliyevin 1997-ci ildə NATO-nun Madrid Sammitində, Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2-ci zirvə görüşünün açılış mərasimində, Ankarada Süleyman Dəmirəl Türkiyə Respublikası Dövlət Nişanının Heydər Əliyevə təqdim etdikdən sonra, 2001-ci ildə Vaşinqtonda Corc Buşla, 2002-ci ildə Moskvada Vladimr Putinlə fotoşəkilləri sərgilənir.
Muzey ekspozisiyasının onuncu stendində Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” sətirləri altında 1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktının bağlanması münasibətilə keçirilən mərasimdə, 1999-cu ildə Potidə Bakı-Supsa ixrac boru kəmərinin və terminalının açılışında, 2002-ci ildə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimində, yeni özüqalxan qurğusunun istismara buraxılması mərasimində çəkilmiş fotoşəkillər sərgilənir.
Muzey ekspozisiyasının on birinci stendində ümummilli liderin “Xalqımız böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır” sətirləri altında ulu öndərin 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışında, 1997-ci ildə Bəstəkar Tofiq Quliyevin 80 illik yubileyində, 1998-ci ildə Naxçıvanda Cəlil Məmmədquluzadənin ev muzeyində, 2001-ci ildə xalq artisti Nəsibə Zeynalova ilə görüşə aid fotoşəkillər sərgilənir.
Muzey ekspozisiyasının on ikinci stendində ulu öndərin “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” sətirləri altında 1978-ci ildə SSRİ-nin ali məktəblərinə qəbul olunmuş tələbələr ilə görüşdə, 1979-cu ildə ali məktəblərin 1-ci kurs tələbələri ilə görüşün rəyasət heyətində, Moskvada təhsil alan tələbələr və aspirantlarla görüşdə çıxış edərkən, 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (ADPİ) və M.Əzizbəyov adına Dövlət Neft və Kimya İnstitutuna qəbul imtahanları zamanı çəkilmiş fotoşəkillər sərgilənir.
Muzey ekspozisiyasının on üçüncü stendində Heydər Əliyevin “İnstitutunuz şanlı yol keçmiş və Azərbaycanın gözəl nailiyyətlər qazanmasında böyük rol oynamışdır” sətirləri altında ulu öndərin 1973-cü ildə ADPİ-nin 50 illik yubileyinə həsr olunmuş təntənəli iclasın rəyasət heyətində və ADPİ-nin bayrağına Qırmızı Əmək Bayrağı Ordenini sancarkən fotoşəkilləri sərgilənir.
Muzey ekspozisiyasının on dördüncü stendində ümummilli liderin “Müəllimlik həm şərəfli həm də çətin işdir, ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir” sətirləri altında 1981-ci ildə ADPİ-nin 60 illik yubileyinə və Fəxri Fərmanla təltif edilməsinə həsr olunmuş təntənəli iclasda iştirakına, ADPİ-də keçirilən qəbul imtahanlarında valideynlərlə keçirilən görüşdən, 2002-ci ildə ali məktəblərə ən yüksək balla qəbul edilmiş tələbələrlə görüşdə çəkilmiş fotoşəkillər sərgilənir.
Muzey ekspozisiyasının son üç stendində (on ikinci, on üçüncü və on dördüncü) Heydər Əliyevin ADPİ-də keçirilən mərasimlərdə, iclaslarda, qəbul imtahanlarında iştirakına həsr olunmuş materiallar nümayiş etdirilir.
Muzey ekspozisiyasında nümayiş etdirilən sənədlər arasında Heydər Əliyevin təhsil aldığı Naxçıvan şəhər international pedaqoji məktəbi tərəfindən “əla müvəffəqiyyəti və nümunəvi əxlaqına görə” 1938-1939-cu illərdə verilmiş tərifnamələrin, 1939-cu ildə Naxçıvan şəhər international pedaqoji məktəbi bitirdiyinə dair attestatın, 1949-1950-ci illərdə təhsil aldığı Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbi tərəfindən verilmiş şəhadətnamənin, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin “tarix” ixtisası üzrə bitirdiyi diplomun surətləri muzeyi ziyarət edənləri, xüsusilə şagird və tələbələri böyük şəxsiyyətin hələ gənclik illərindən elmə, biliyə olan həvəsinin, onun əla müvəffəqiyyətli təhsilinin və nümunəvi əxlaqı ilə seçilməsinin sənədlərlə şahidi olurlar.
Ulu öndərin milli təhliükəsizlik orqanlarında çalışdığı illərdə, Azərbaycan KP MK-nın birinci katibi işlədiyi, SSRİ-nin nazirlər sovetinin birinci müavini vəzifəsində olduğu və müstəqil Azərbaycanın prezidenti olduğu dövrdə Azərbaycanın inkişafı üçün göstərdiyi fundamental fəaliyyət gənc nəsl üçün nümunə məktəbidir. Heydər Əliyev irsinin öyrənilməsi, tədqiqi və təbliği bu gün hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.
Bütün fəaliyyəti dövründə təhsil sahəsinə xüsusi diqqət yetirən ulu öndər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz ölkəsinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Heydər Əliyevin Pedaqoji Universitetinin inkişafında böyük xidmətləri olmuşdur. Ümummilli lider siyasi hakimiyyətinin birinci dövründə ayrı-ayrı vaxtlarda 5 dəfə Pedaqoji Universitetə gəlmişdir.
Heydər Əliyevin Azərbaycan Dövlət Pedaqoji İnstitutuna ilk gəlişi 1971-ci ilin dekabrına təsadüf edir. 1971-ci ilin dekabrında Pedaqoji İnstitutun kommunistlərinin ümumi yığıncagında Sov. İKP XXIV və Azərbaycan KP-nın XXVIII qurultaylarının qərarlarının həyata keçirilmısi sahəsində respublika ali məktəblərinin kommunistləri və bütün kollektivin qarşısında duran vəzifələri geniş təhlil edən Heydər Əliyev demişdi: “Ali məktəblərə qəbulun təşkilini yaxşılaşdırmaq və ali məktəblərdə təlim-tərbiyə işini təkmilləşdirmək sahəsində müəyyən işlər görülmüşdür. Lakin bu sahədə hələ çox işlər görmək lazımdır. Biz çalışmalıyıq ki, hər bir ali məktəb müəllimi nümunəvi mütəxəssis olsun, son dərəcə təmiz və əqidəli bir insan olsun. Elə insan ki, tələbələr onun kimi olmağa çalışsınlar, ondan nümunə götürsünlər”. Heydər Əliyevin məruzəsi kollektivin qüvvəsinin institutda tədris və elmi işlərin keyfiyyətini yüksəltməyə, yüksəkixtisaslı müəllim kadrları hazırlamağa, tələbələrin təhsil-tərbiyəsini günün tələbləri səviyyəsində qurmağa, institutda mənəvi-psixoloji mühiti yaxşılaşdırmağa istiqamətləndirilməsində mühüm rol oynadı.
Heydər Əliyevin ADPİ-yə ikinci gəlişi 1973-cü ilin mart ayında baş verdi. 2 mart 1973-cü ildə indiki Dövlət Təhlüksəziliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən Azərbaycan Pedaqoji İnstitutunun 50 illiyi şərəfinə təntənəli yığıncaqda çıxış edən Heydər Əliyev kollektivi Qırmızı Əmək Bayrağı Ordeni alması münasibəti ilə Azərbaycan KP MK, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti və Azərbaycan SSR Nazirlər Soveti adından təbrik edərək demişdi: “Bu gün institutun yarıməsrlik yoluna yekun vurarkən biz...sovet hakimiyyəti illərində Azərbaycan mədəniyyətinin qazandığı çox böyük müvəffəqiyyətləri iftixar hissi ilə qeyd edirik. Sizin institutunuz böyük və şanlı yol keçmişdir. Nəriman Nərimanovun imzaladığı dekretdə deyildiyi kimi pedaqoji institutun məqsədi “vahid əmək məktəbinin ideyalarını həyata tətbiq etməyə” qabil olan müəllim kadrları hazırlamaq idi. İnstitutun tarixi Azərbaycanda xalq maarifinin təşəkkülü və inkişafı, onun sosialist mədəniyyətinin tərəqqisi tarixindən ayrılmazdır. Onun kollektivi Azərbaycanda ümumtəhsil məktəbinin inkişafına böyük xidmət göstərmiş, xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Yarım əsr bundan əvvəl institutda o qədər az tələbə var idi ki, onlarla cəmi 7 müəllim məşğul olurdu. İndi sizin istitututunuz ölkənin ən böyük ali məktəblərindən biridir. Onun 15 fakültəsində təqribən 15 min tələbə oxuyur, professor-müəllim heyəti isə 800 nəfərdən ibarətdir. Öz varlığı ərzində institut təqribən 40 min müəllim, xalq maarifi və elmi idarə işçisi hazırlamışdır. Sizinlə birlikdə fəxr edirik ki, institutun yetirmələri arasında SSRİ EA-nın müxbir üzvləri, Sovet İttifaqı Qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları, xalq yazıçıları və şairləri, yüzlərlə elmlər doktoru və namizədi vardır. V.İ.Lenin adına APİ-nin minlərlə yetirməsi respublikamızın elm və mədəniyyətinin bütün sahələrində və onun hüdudlarından kənarda səmərəli çalışır, Vətən qarşsında öz borcunu şərəflə yerinə yetirir...İnstitut təkcə Azərbaycan SSR üçün deyil, həm də digər respublikalar üçün bir çox ixtisaslar üzrə pedaqoji kadrlar hazırlayan tanınmış mərkəzə çevrilmişdir. Burada Gürcüstan, Özbəkistan, Türkmənistan, Tacikistan sovet sosialist respublikaları, Dağıstan, Kabara-Balkar, Çeçen-İnquş muxtar sosialist respublikaları üçün pedaqoji və elmi-pedaqoji kadrlar yetişdirilmişdir.
Biz xüsusi razılıq hissi ilə qeyd edirik ki, institut iri elmi mərkəzdir. Burada Azərbaycan ədəbiyyatşünaslığı və dilçiliyi, pedaqogika tarixi sahəsində və başqa fənlər üzrə qiymətli əsərlər yaradılmışdır. Klassik rus pedaqoji təfəkküründən istifadə edilməklə yazılan bu əsərlər Azərbaycan sovet məktəbinin təcrübəsini zənginləşdirmişdir. İnstitutun alimləri bir çox pedaqoji fənlər üzrə Azərbaycan dilində orjinal dərsliklər, iri monoqrafiyalar və dərs vəsaitləri yazmışlar”.
Heydər Əliyev çıxışının sonunda V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanının mətni ilə yubiley iştirakçılarını tanış edərək gurultulu alqışlar altında ordeni Pedaqoji İnstitutun bayrağına sancdı.
Heydər Əliyev müəllim kadrları hazırlamasında xidmətlərinə görə institutun professor müəllimlərinin bir qrupuna Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə fəxri adların və Fəxri Fərmanların verildiyini bildirərək dedi: “İcazə verin, institutun professorlarını, müəllimlərini, tələbələrini, bütün əməkdaşlarını yarıməsrlik yubiley, yüksək hökumət mükafatı ilə bir daha təbrik edim və əziz yoldaşlar, sizə möhkəm can sağlığı, səadət və xoş güzəran, yeni müəllim kadrları hazırlanmasında və tərbiyə edilməsində böyük yaradıcılıq müvəffəqiyyəti arzulayım”.
Heydər Əliyevin ADPİ-yə üçüncü gəlişi 1978-ci ilin avqust ayında respublika ali məktəblərində keçirilən qəbul imtahanlarının vəziyyəti ilə tanış olmaq məqsədi daşıyırdı.
Heydər Əliyevin ADPİ-yə dördüncü gəlişi 1981-ci ilin dekabr ayının 23-də Pedaqoji İnstitutun 60 illik yubileyi ilə əlaqədar idi. Təntənəli mərasimdən əvvəl Heydər Əliyev instituta gəlib, onun həyatı, tədris və elmi fəaliyyəti ilə tanış oldu.
1981-ci il dekabrın 23-də Dövlət Təhlüksəziliyi Xidmətinin Mədəniyyət Mərkəzində respublikanın hökumət və dövlət nümayəndələrinin, pedaqoji ictimaiyyətin, institutun profesor-müəlim heyətinin, görkəmli məzunlarının iştirakı ilə keçirilən institutun 60 illik yubileyində Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yubiley münasibəti ilə kollektivi təbrik edərək geniş mitq söylədi: “60 il ərzində istitutumuz şanlı yol keçmiş, Azərbaycanın nailiyyələr qazanmasında böyük rol oynamışdır. Həmin dövrdə 65 min nəfərdən artıq ali təhsilli mütəxəssis hazırlanmışdır. İnstitutun yetirmələri indi respublika həyatının bütün sahələrində fəal işləyirlər. İnstitut tərəfindən hazırlanmış və indi xalq maarifi sahəsində çalışan mütəxəssislər 60 il ərzində respublikanın gənc nəslinin təlim və tərbiyəsi işində, demək olar ki, əsas aparıcılarıdırlar. Eyni zamanda institutun yetirmələri elmi-tədqiqat institutlarında, müxtəlif müəssisələrdə, mədəniyyət sahəsində və başqa sahələrdə müvəffəqiyyətllə fəaliyyət göstərirlər. Demək olar ki, republikada elə bir guşə yoxdur ki, institutun diplomlarını almış mütəxəsislər orda işləməsinlər. Sizin yetiştirmələriniz hər bir şəhərdə, hər bir kənddə yaşayır və çalışır, hər bir məktəbdə işləyirlər. Mənə elə gəlir ki, bu sizin 60 illik şanlı yolunuzun ən gözəl yekunudur.
İnstitutun 60 illik fəaliyyəti onu respublikanın həyatının bütün sahələrilə sıx bağlamışdır və bu gün razılıq hissi ilə qeyd edə bilərik ki, V.İ.Lenin adına Pedaqoji İnstitut Sovet Azərbaycanında xalq maarifinin təşəkkülü və inkişafı üçün, respublikada ali təhsilin yaradılması və inkişafı üçün çox böyük iş görmüşdür və bu sahədə görkəmli yer tutur.
Ali məktəbinizin yubileyinin qeyd edilməsi respublikada ümumxalq bayramı olmuşdur. Bu yubileyi qeyd edərkən hər bir kəs öz şəxsi həyatında institutun rolunu böyük iftixar hissi ilə xatırlayır və qeyd edir. Buna görə də bu gün mən respublikanın bütün əməkçilərinin ürək sözlərini ifadə edərkən Azərbaycan Pedaqoji İnstitutunun kollektivinə respublika qarşısında böyük xidmətlərinə görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm”.
Gurultulu alqışlar altında Heydər Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanının mətnini oxudu və Fərmanı institutut kollektivinin nümayəndələrinə təqdim etdi və dedi: “Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyəlidir. Biz yaxşı bilirik ki, 65 min nəfərdən artıq müəllim hazırlamaq üçün professor və müəllimlərin bütün nəsilləri nə qədər zəhmət çəkmişlər”. Ulu Öndər çıxışının sonunda dedi: “Şadam ki, Qırmızı Bayraq Ordeninin də, respublikanın yeni yüksək mükafatını da sizə təqdim etmək mənə nəsib olmuşdur. Bu mükafatlar sizin böyük zəhmətinizə verilən yüksək qiymətdir. Bir daha sizi ürəkdən təbrik edirəm, institutun bütün professorlarına, müəllimlərinə, tələbələrinə, bütün kollektiviə can sağlığı, səadət, uzun ömür və böyük əmək müvəffəqiyyətləri arzulayıram”.
Heydər Əliyevin ADPİ-yə beşinci gəlişi ali məktəbdə qəbul imtahanlarının vəziyyəti ilə tanış olmaq məqsədi daşıyırdı. Ümummili lider respublikaya rəhbərlik etdiyi ilk günlərdən ali məktəblərə qayğısını əsirgəmədi, dövlətin maddi və mənəvi dəstəyini göstərdi, təhsil işçilərinə hər cür kömək etməyi özünün başlıca vəzifəsi bildi. Respublikanın bütün ali məktəbləri kimi, Azərbaycan ali pedaqoji təhsilin öncülü və bayraqdarı olan ADPU-nun elmi və pedaqoji kadr hazırlığı sahəsində uğurları bilavasitə Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Böyük öndərimiz ADPU-nun tədris və elmi həyatı ilə daim maraqlanmış, Pedaqoji Universitetin yenidən qurulması, genişlənib möhkəmlənməsi üçün ciddi tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinə göstərdiyi diqqət və qayğısı bu gün universitetdə təhsil alan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, pedaqoji kollektivin peşəkarlığının inkişafında, müəllim kadrları hazırlığında geniş üfüqlər açır.
Ulu Öndərin 1997-ci ildə respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu ilə görüşündəki nitqində dediyi “müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir, çünki gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır” müdrik kəlamını rəhbər tutan tələbələr və universitet kollektivi müstəqil Azərbaycanımızın inkişafında öz töhfələrini verirlər.
Ədəbiyyat siyahısı
ADPU-nun Heydər Əliyev Mərkəzinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin sənədlərindən istifadə edilmişdir;
Yeni vəzifələr qarşısında. “Gənc müəllim” qəzeti, 20 aprel 1972-ci il;
Yubiley sessiyası. “Gənc müəllim” qəzeti, 25 may 1972-ci il;
Ş.Sadıqov, H.Əzimov, M.Salahov V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu 50 ildə (qısa tarixi oçerk). Bakı 1972;
Yüksək məqsəd, nəcib vəzifə. “Azərbaycan müəllimi” qəzeti, 7 mart 1973;
Pedaqoji kadr hazırlayan məktəbin 60 illiyi (V.İ.Lenin adına APİ-nin yubileyi şərəfinə təntənəli yığıncaq). “Azərbaycan müəllimi” qəzeti, 23 dekabr 1981;
Azərbaycan Dövlət Pedaqoji Universiteti (1921-2006), Bakı 2006, 312 səh.;
Azərbaycan Dövlət Pedaqoji Universiteti-90. Bakı 2012, 432 səh.
F.Rüstəmov Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi. Bakı 2021, I cild, 384 səh.;
Aynurə Əsgərova,
ADPU-nun əməkdaşı