5 aprel tarixində yazıçı-publisist, araşdırmaçı jurnalist Aydın Tağıyevin "Vətən" layihəsi çərçivəsində “Alsu şirkəti”in maliyyə dəstəyi ilə şəhid ailələri üçün iftar süfrəsi keçirilib.
Aydınlar.az xəbər verir ki, 100-ə yaxın şəhid ailəsinin, dövlət, hökumət orqanları nümayəndələrinin və media mənsublarının iştirak etdiyi iftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.
Layihə rəhbəri Aydın Tağıyev çıxış edərək, şəhid ailələrini və digər qonaqları salamlayıb. O, əziz şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onların hər birinin həyatının bizlərə nümunə olduğunu vurğulayıb. Bütün ölkəni əhatə edən “Vətən” layihəsi çərçivəsində “Böyük Zəfərin 101 Şəhidi” kitabından söz açan müəllif bildirib ki, layihənin davamı olaraq şəhidlərimizdən bəhs edən iki kitab daha yazılır.
Daha sonra tədbirin media dəstəkçisi “Jamal Media Group”un rəhbəri, bəstəkar Camal Qurbanov çıxış edərək gələn bütün qonaqları salamlayıb. Şəhid ailələrinə xüsusi təşəkkürünü bildirib və belə görüşlərin mütəmadi keçirilməsini arzuladığını qeyd edib.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
İftar süfrəsi gənc və istedadlı müğənnilərin vətənpərvər musiqi çıxışları ilə müşaiyət olunub. Sonda bütün qonaqların iştirakı ilə xatirə fotoları çəkilib.