Nadir şahın ölümündən sonra onun yanındakı Urmiya döyüşçülərinə başçılıq edən Fətəli xan Əfşar Ərəşlu müstəqil Urmiya xanlığının əsasını qoydu. Nadir şahın Bağdada yürüşündə fərqlənmiş Fətəli xan ordunun çərxəçibaşı təyin olunmuşdu. Fətəli xan Əfşar vilayətdə hakimiyyətini gücləndirdi. O, gələcək hücumlardan özünü qorumaq və yeni torpaqlar əldə etmək üçün Urmiya qalasını möhkəmləndirdi və güclü qoşun toplamaq işinə başladı.
Urmiyadan Xoya üç günlük, Culfaya on günlük, İrəvana altı günlük karvan yolları vardı. Urmiya şəhərində uzun və kərpic günbəzli bazar və bazar içində bir çox cərgələr var idi. Xaricdən gətirilən məhsullar bu bazarda və cərgələrdə satılırdı.
XVIII yüzilin II yarısında Urmiya xanlığı inzibati cəhətdən 14 mahala bölünürdü: Mərgəvər, Tərgəvər, Bərədost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Dəl, Nazlı, Bəkkşilu, Urmiya, Rozə. Hər mahal yerli bəylər və onların nümayəndələri tərəfindən idarə edilirdi.
Məlumdur ki, Nadir şahın ölümündən sonra Fətəli xan Əfşar vətənə qayıdaraq, hələ I Şah Abbasın hakimiyyəti dövründə Əfşar tayfa başçılarının tiyuluna verilən Urmiya vilayətini müstəqil olaraq idarə etməyə başlamışdı.
Fətəli xan Əfşar Məhəmmədhəsən xan Qacarın, Kərim xan Zəndin və İran və Azərbaycanda hakimiyyət uğrunda mübarizə edən başqalarının hücumuna qarşı müqavimət göstərmək məqsədi ilə Urmiya əhalisini sürətlə silahlandırır və xanlığın müdafiəsi üçün lazimi tədbirlər görür. O, on beş minlik əfqan ordusu ilə Qəzvin yaxınlığında düşərgə salmış olan Azad xana müraciət edərək, ona birləşməyi və Urmiya xanlığına gəlməsini təklif etdi.
Fətəli xan Azad xanla birləşdikdən sonra öz torpaqlarını genişləndirmək və Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirmək niyyətinə düşür. O, ayrı-ayrı feodalların və mahal bəylərinin hüquqlarını məhdudlaşdırmaq yolu ilə öz dövlətini daha da qüvvətləndirirdi.
Fətəli xan Xoy xanı Şahbaz Dünbüli ilə diplomatik danışıqlar apararaq Xoy xanlığının Urmiya xanlığı ilə birləşdirməsinə nail ola bildi. Şahbaz xan Dünbülü öz ailə və xəzinəsini möhkəmləndirilmiş Urmiya qalasına köçürdərək həmin ittifaqa öz sadiqliyini bildirdi. Hər iki xanlığın silahlı dəstələri birləşərək güclü bir qüvvəyə çevirildi.
Azad xan sərdarlıq titulu alaraq birləşmiş qüvvələrin baş komandanı təyin edildi. Bundan sonra Qaracadağlı Kazım xan, Musa xan Əfşar və tabe olmaq istəməyən bir sıra başqa xanlarla qanlı müharibələr aparıldı. Bütün bu müharibələr Urmiya xanlığının xeyrinə və onun qələbəsi ilə qurtardı. 1748-ci ildə Marağa, bir az sonra isə Təbriz şəhəri Urmiya xanlığına tabe edildi. Fətəli xan öz paytaxtını Urmiyadan Təbrizə köçürtdi. Bu zaman Urmiya xanlığının ixtiyarında on beş min əfqan, on beş mindən artıq əfşar, Dünbülü ellərindən kürd və başqa tayfalarından ibarət döyüşçü dəstələri var idi.
Təbrizlə Urmiya xanlığının Fətəli xan Əfşarın hakimiyyəti altında birləşdirilməsi, Azad xanın öz qoşunları ilə həmin dövlətə qulluq göstərməsi Fətəli xanın daha artıq qüdrət və nüfuz qazanmasına səbəb oldu. O, qonşu xanlıqları özündən asılı vəziyyətə salmağa və torpaqlarını daha da genişləndirməyə çalışırdı. Fətəli xan Qaradağ və Sərab xanlıqlarına qoşun yeridərək özündən asılı vəziyyətə saldı.
Həmin dövrdən etibarən Fətəli xan Azərbaycan və İran torpaqlarına (Səfəvi dövləti sərhədləri daxilindəki ərazinin) hökmranlıq uğrunda mübarizə aparan Kərim xan Zənd və Məhəmmədhəsən xan Qacarla rəqabət aparmağa başladı.
Fətəli xan öz məqsədlərini həyata keçirmək üçün Qarabağa, Gürcüstana və İrəvana elçilər göndərərək birləşmək və ittifaq bağlamağı onlara təklif etdi. Lakin onun təklifinə bu xanlıqların hakimləri rədd cavabı verdilər. Bununla əlaqədar olaraq, 1751-ci ildə Azad xan böyük ordu ilə İrəvana hərəkət edir.
Qeyd etmək lazımdır ki, Fətəli xanın İrəvana hücumunun səbəblərindən biri də qisas almaq məqsədi daşıyırdı. Hələ 1748-ci ilin əvvəllərində irəvanlı Mir Mehdi xanın Urmiyaya qarşı hərbi səfəri olmuşdu. Bu hücum zamanı Fətəli xan məğlub olaraq Mir Mehdi xana müəyyən güzəştlər getməyə məcbur olmuşdu.
Azad xanın ordusu İrəvan xanlığına hücum edərək onun paytaxtını təhlükə altına aldı. Ağır vəziyyətə düşən İrəvan xanı gürcü çarı Teymurazdan kömək istədi. Bu çağırışa cavab olaraq çar Teymuraz başda oğlu II İrakli olmaqla yaxşı silahlandırmış qoşununu İrəvan xanının köməyinə göndərdi, Azad xanı geri qayıtmağa məcbur etdi və çoxlu qənimət əldə etməyə nail oldu.
Bundan sonra Fətəli xan bütün ehtiyat qüvvələrini Azad xanın köməyinə göndərərək ona dərhal hücuma keçməyi əmr etdi. Azad xan Gürcüstana hücüm etdi. Baş verən döyüşdə hər iki tərəfdən çoxlu adamlar həlak oldu və nəhayət gürcülər ağır məğlubiyyətə uğrayaraq qaçmağa məcbur oldular. II İrakli Fətəli xanla sazişə girməyə məcbur oldu.
Bu ittifaqı möhkəmləndirmək üçün İrakli öz bacısını Azad xana ərə verdi. Azad xan eyni zamanda nüfuzlu gürcü knyazlarından olan Zal və Aslan bəyin iki yüz gürcü əsgərini Urmiya qoşununun tərkibinə daxil edərək Urmiyaya qayıtdı.
Qeyd etmək lazımdır ki, Azad xan on beş minlik qoşunun olmasından istifadə edərək, çox vaxtı Fətəli xanla hesablaşmır və istədiyini edirdi. Bu da onunla Fətəli xan arasında ixtilafın əmələ gəlməsinə səbəb olmuşdur. Gürcu çarı ilə qohum olduqdan sonra Azad xan Azərbaycanda və İranda hökmranlıq uğrunda müstəqil fəaliyyət göstərməyə başlayır, lakin 1758-ci ildə Fətəli xan Əfşarla müharibədə məğlub olaraq Bağdada qaçır.
Fətəli xan 1752-ci ildən 1759-cu ilədək Kərim xan Zənd, Məhəmmədhəsən xan Qacar və Azad xan Əfşara qarşı mübarizə apardığına görə müvəqqəti olaraq Azərbaycanın başqa xanlıqlarını özünə tabe etməyə səy göstərməmişdir. O, bu vaxt həmçinin xanlığın daxili işlərini nizama salır, öz qoşununun sıralarını tamamlayırdı.
Diplomatik yollarla Qarabağ xanlığını tabe etməyə nail olmayan Fətəli xan 1759-cu ildə böyük ordu ilə Gəncə və Qarabağa hücum etdi.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, tarixi sənədlərdə və mövcud olan ədəbiyyatda Fətəli xan Əfşarın Qarabağa hücumu, onun tarixi haqqında məlumat çox səthi və yanlışdır. İlk dəfə olaraq Fətəli xanın Qarabağa hücumu haqqında açıqlamaları və onun dəqiq tarixini tədqiqatçı Dəlili vermişdir. Onun yazdığına görə Fətəli xan Qarabağ xanlığının ayrı-ayrı mahallarını tutaraq xanlığın paytaxtı Şuşanı mühasirəyə aldı. Fətəli xan Şuşa qalasına yaxınlaşarkən Pənahəli xandan narazı olan Talış, Çiləbörd məlikləri və Qarabağ mahallarının başqa bir sıra bəyləri öz silahlı dəstələri ilə ona qoşuldular.
Şəhər əhalisinin qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Fətəli xanın qoşunları gündən-günə qalaya doğru irəliləyirdilər. Nəticədə Pənahəli xan zahiri olsa da sazişə gəlməyə məcbur oldu və dövrün qaydasına uyğun tabeçilik əlaməti olaraq oğlu İbrahimxəlil ağanı çoxlu qulluqçu və hədiyyələrlə Fətəli xanın yanına girov göndərdi.
Qarabağda qazanılmış uğurdan sonra Qutqaşenli Hüseyn ağa və Ərəşli Kəlbəli Sultan Fətəli xanın yanına gələrək tabe olduqlarını bildirdilər. Onlar Fətəli xandan xanlıq titulu alaraq öz mahallarının hakimləri təyin edildilər. Eyni zamanda Urmiya xanlığına tabe olmaq istəməyən və Şəki xanlığına meyl edən ərəşli Əli xan Fətəli xanın əmri ilə öldürüldü və beləliklə Qutqaşen və Ərəş mahalları da Urmiya xanlığına tabe edildi.
Fətəli xan Əfşarın qonşu xanlıqları özünə tabe etməsi, öz ərazilərini genişləndirilməsi məqsədini güdsə də, Azərbaycan torpaqlarının müəyyən hissəsinin birləşdirilməsinə səbəb olurdu ki, bunun da mütərəqqi əhəmiyyəti var idi. Eyni zamanda bu dövrdə Azərbaycanın müxtəlif xanlıqlarında olduğu kimi Urmiyada da müxtəlif ictimai qüvvələr (kəndlilər, sənətkarlar, tacirlər, xırda feodallar və tiyuldarlar) – Azərbaycan torpaqlarının birləşdirilməsi siyasətini yeridir və bu işdə Urmiya xanlarına yardım edirdilər.
Bütün bunlara baxmayaraq mütərəqqi qüvvələrin fəaliyyəti Azərbaycandakı feodal dağınıqlığını aradan qaldırmaq üçün kifayət deyildi, çünki böyük və nüfuzlu feodallar, nüfuzlu bəylər və ali ruhanilərin buna əks olan fəaliyyəti, iqtisadi əsasın olmaması, natural təsərrüfat və hər şeydən əvvəl beynəlxalq şərait Azərbaycan torpaqlarının vahid bir dövlət tərkibində birləşməsinə imkan verməzdi.
1760-ci ilin axırlarında Kərim xan Zənd Azərbaycana hücum edir. Ancaq Fətəli xanın ordusu Kərim xanın ordusunu elə ilk döyüşdə məğlubiyyətə uğratdı. Kərim xan özü İsfahana qaçdı, ailəsi və xəzinəsinin yerləşdiyi Piri qalası Urmiya qoşunları tərəfindən mühasirəyə alındı. Bir qədər mühasirədən sonra qala təslim oldu. Zənd döyüşçülərinin bir çoxu öldürüldü, Fətəli xan Kərim xanın xəzinəsini ələ keçirdi, ailəsini əsir edib Urmiyaya göndərdi.
Nəhayət, Kərim xan 1762-ci ilin axırlarında Urmiyanı doqquz ay mühasirədə saxladıqdan sonra ala bildi və şəhərə daxil oldu. O, İmamqulu xan Əfşarı Urmiyaya xan təyin etdi və təcili İsfahana qayıtdı. Kərim xan Azərbaycanın bir sıra xanlarını, o cümlədən Fətəli xanı, Qarabağlı Pənahəli xanı və digərlərini də özü ilə apardı. 1759-cu ildən başlayaraq Fətəli xan yenidən xarici siyasətini fəallaşdırır. O, dəfələrlə qarabağlı Pənahəli xanın yanına elçilər göndərir, onun Urmiya xanlığı ilə ittifaqa girməsini tələb edir, lakin də rədd cavabı alır.
Fətəli xanın iki oğlu Cahangir xan və Rəşid xan hələ bir az bundan əvvəl İsfahana sürgün edilmişdi. Bu iki sərkərdədən ehtiyat edən Kərim xan onların İsfahanda nəzarət altında saxlanılmasını əmr etmişdi. 1764-cü ildə Kərim xanın adamları Fətəli xanın öz boyun şalını onun boynuna salaraq boğurlar.
Fətəli xanın öldürülməsi və İmamqulu xanın Urmiyanın irsi xanı olması xanlığın qüdrət və nüfuzunu zəiflətsə də onun müstəqilliyi qaldı.
Fətəli xan Əfşar güclü ordu yarada bilmişdi. Xanın daimi silahlı dəstələri isə qismən kənd təsərrüfatı işlərindən azad edilmiş muzdlu əsgərlərdən ibarət idilər. Onların sayı dörd mindən beş minə qədər çatırdı. Urmiya xanlığında olan daimi dəstələr öz geyim formaları və hərbi intizamı ilə digər xanlıqların hərbi dəstələrindən fərqlənirdilər. Urmiyadaki daimi silahlı dəstələr piyada, atlı və zəmburəkçi-topçu dəstələrinə bölünürdü.
Urmiya xanlarının müntəzəm döyüşçü dəstələrinə, daşıdıqları formaya görə «qara-çuxalılar» adı verilmişdi. Zəmburəkçi-topçu dəstəsinin də özünə məxsus görkəmi və geyimi var idi.
Qara-çuxa dəstələrinə döyüşçülər çox vaxtlarda yoxsullaşmış bəylərdən, onların qohumlarından, maaflardan, həvəskarlardan və s. qəbul edilirdi.
Urmiya xanlığındakı silahlı dəstələr Azərbaycanın digər xanlıqlarında, xüsusilə Türkiyə sərhəddində yerləşən xanlıqlardakı silahlı dəstələr kimi təxminən eyni hərbi bölgü sisteminə malik idilər.
«Qara-çuxalılar» inzibati bölgüyə görə on, yüz və min nəfərə ayrılırdılar ki, bunları onbaşı və ya dəstəbaşılar, yüzbaşı və ya sultanlar, minbaşı və ya sərhənglər idarə edirdi. Min nəfərlik dəstəyə eyni zamanda bir «foc» da deyilirdi. Hər foca bir sərhəng müavini (yavər), on sultan, çoxlu naib (sultanların müavinləri) və yüz nəfər onbaşı komandanlıq edirdi. Hər focun özünün piyada, atlı, zəmburəkçi-topçu dəstələri var idi.
Qeyd etmək lazımdır ki, Urmiya xanlarının silahlı dəstələri təkcə keyfiyyətcə deyil, həm də kəmiyyət etibari ilə başqa xanlıqlardakı dəstələrdən fərqlənirdi.
1828-ci il Türkmənçay müqaviləsindən sonra Urmiya xanı da İran tərəfində qalan digər vilayətlərin hakimləri kimi Abbas Mirzə ilə sazişə girməyə məcbur olur. Maraqlıdır ki, Təbriz, Marağa, Qaracadağ və başqa xanlar şahzadəyə kömək üçün hər biri bir foc silahlı dəstə göndərdikləri halda, Urmiya hakimləri iki nizami foc göndərmişdi.
Urmiya xanlığının silahlı dəstələrinin miqdarını və onların döyüş qabiliyyətini göstərmək üçün aşağıdakı bir faktı misal gətirmək olar. Urmiyalı Fətəli xan Əfşar Kərim xan Zəndlə apardığı müharibə zamanı ona qarşı 80.000 nəfərlik ordu çıxara bilmiş və onu İranın cənubunda olan Kuh Gəlüyə qalasına qaçmağa məcbur etmişdi.