Müstəqil dövlətin, xalqın əzmi, dayaq nöqtəsi məhz ordudur. Milli ordu dövlətin prioritet siyasəti olmaqla yanaşı, dövlətin və xalqın onurğa sütunu olaraq özündə birliyi, əmin-amanlığı, sarsılmaz qüdrəti, müdafiəni simvolizə edir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətin, xalqın müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilatdır. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.
Milli ordunun yaranma tarixi və inkişaf yolu
Azərbaycan Milli Ordusunun yaradılmasına 1918-ci il 26 iyun tarixli fərmanla başlanılıb. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilib. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilmişlər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etməyə nail olublar. Milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım isə 26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması olmuşdur.
Silahlı qüvvələrin inkişafı və Ümummilli lider Heydər Əliyev
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının Ulu Öndəri, əsrimizin dahi şəxsiyyəti, bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Ümummilli lider, cənab Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr milli ordu quruculuğu, ordunun vahid komadanlığa tabe olması, müasir hərb elminin tələblərinə cavab verməsi, ordunun qanunvericilik bazası, ordu haqqında qanunlar əsas mövzular olmuş və bu yöndə xüsusi addımlar atılmışdır.
Ulu öndər Heydər Əliyev gələcəkdə azərbaycanın müstəqil olacağına daxilən inanmış və bunun üçün də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışmışdır.
Azərbaycanlı gənclərin hərb elminə marağın artırılması üçün ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin təməlini qoydu. Eyni zamanda azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş komandanlıq və Bakı Ali Hərbi dənizçilik məktəblərinə güzəştli tələbə qəbul edilməsinə nail olundu.
Güclü siyasi iradəyə malik dahi şəxsiyyət Heydər Əliyevin ordu ilə bağlı 1992-ci ildən başladılan geniş miqyaslı islahatlar nəticəsində ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Ulu öndər 1996-cı il fevralın 2-də Azərbaycan gənclər forumundakı çıxışında deyirdi:
“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həmdə ordunu daha qüvvətli edər. Ona görədə qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdənn ibarətdir».
Müəyyən zaman kəsiyində maddi texniki təminatın yüksək standartlara uyğunlaşdırılması, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması, ordu sıralarında qulluq edən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması məhz Ulu öndərin uzaqgörən siyasətinin nümunəsidir. Belə ki, 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün — 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Ulu öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, peşəkar hərbçi kadrlar kimi formalaşaraq vətənə qayıtmışlar 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi münasibətilə hərbi paradlar keçirilib. Hərbi paradların nümayişi ordunun rəşadətini bütün dünyaya əks etdirir.
Azərbaycan ordusunun böyük zəfəri və Ali Baş Komandan İlham Əliyev
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi kursunun davamçısı Ali baş komandan prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir, Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi yüksək səviyyədədir.
21-ci əsrin şanlı Azərbaycan ordusunun quruculuq prosesi intensivləşir, daha da möhkəmlənir, ordumuz təkmilləşmə və intibah dövrünü yaşamaqdadır. Son illər ərzində Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xaricdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar — bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir.
Modernləşmiş Azərbaycan ordusu ən son hərbi texnikalarla təchiz olunub. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır.
MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi texniki təchizatın yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsi yönündə tədbirlərin gücləndirilməsi, hərbi büdcənin davamlı artırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusilə diqqətdə saxlanılır, məhz bu diqqətin və uğurlu siyasətin nəticəsidir ki, ordumuz dünya ölkələri arasında 50-ci sırada qərarlaşıb.
Ali baş komandan İlham Əliyevin dəmir yumruğu ətrafında xalq ordu bir olaraq tarixi zəfərə nail oldu. Azərbaycan ordusu öz regionu üzrə ən güclü orduya malik dövlət olaraq tanındı. Ali baş komandan İlham Əliyev 10 dekabr-da keçirilmiş Zəfər paradı zamanı çıxışında demişdir:
«Bu zəfər tarixi Zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxındır ki gözləyirdi. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində. Biz iqtisadiyyatımızı gücləndirirdik. Biz Ordumuzu gücləndirirdik. Və bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir». «Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığıa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq».
Bu torpaqlar bizə qalib babadan
Arxa olsun bu torpağa, Yaradan
Hamılıqla biz hayqıraq ucadan
Ömrümüzə bir bəzəkdir, bu torpaq.
Silahlı qüvvələrin bütün əməkdaşlarını təbrik edir, gərgin və məsuliyyətli işlərində, xidmətlərində müvəffəqiyyətlər arzu edirik!
Pedaqoq, müstəqil tədqiqatçı jurnalist Günel Şəmilzadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin