İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.
İndiyədək bir çox mötəbər beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edən ölkəmizdə daha bir dünya səviyyəli tədbirin keçirilməsinə aylar qalır. Bildiyimiz kimi, il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 Azərbaycanda keçiriləcək. Bu tədbir əhəmiyyəti, miqyası və missiyasına görə ölkəmizdə keçirilən digər tədbirləri geridə qoyur. Belə ki, tədbir müddətində dünyanın nəbzi olacaq Bakı, təqribən 70-80 min xarici qonaq qarşılayacaq. Bu aspektdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün həm də siyasi baxımdan önəm daşıyır.
COP, 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Hərfi mənada isə COP Tərəflər Konfransı deməkdir.
Tədbiri siyasi məqsədlərlə yanaşı, həm enerji sektoru, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən müsbət təhlil etmək olar. İqlim dəyişmələri ilə bağlı konfransların, sessiyaların keçirildiyi dövlətlərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişlərin olduğunu müşahidə edirik. Yaşıl enerji, ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji kimi sahələrdə ixtisaslaşan qurumların təmsilçilərinin qatıldığı mötəbər tədbirdə hər bir dövlətin özünəməxsus iştirak pavilyonu olur.
Sessiyanın əsas çağırışları və hədəfləri sırasında qlobal istiləşməyə qarşı birgə mübarizə dayanır. Təbii ki, bu yöndə öhdəliyinin təmin olunması hər birimizin mənəvi borcudur. Bizim əsas prioritetimiz imkanların məhdudlaşdığı şəraitdə qlobal istiləşməni diqqətdə saxlamaq, həlli yolları üçün birgə mübarizə aparmaq olmalıdır.
Məlumdur ki, inkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmağa bir fürsətdir.
Təqdirəlayiq haldır ki, COP29 həm də könüllülük proqramı ilə gəncləri əhatə edəcək. Bu proqram konfransın müxtəlif aspektlərində işə dəstək vermək üçün bir sıra vəzifələri və fəaliyyətləri əhatə edir. Bu proqramda iştirak edən könüllülər aşağıdakı sahələrdə fəaliyyət göstərə bilərlər. Könüllülük proqramında iştirak edənlər, həm də konfransın atmosferini və fəaliyyətlərini yaxından görmək, yeni insanlar və ekspertlərlə tanış olmaq, və gələcək karyera və şəxsi inkişafları üçün dəyərli təcrübələr qazanmaq imkanı əldə edirlər. Bu səbəbdən COP29-a, xüsusən gənclərimiz üçün yeni üfiqlər aspektindən baxmaq olar. İnsanları bir-birinə daha da yaxınlaşdıran, onlarda mərhəmət, sevgi hissini artıran bu cür əməllər sağlam cəmiyyətin təməlində dayanmaqla könüllülük fəaliyyətinin əsasını təşkil edir.
COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Azərbaycanın "yaşıl" enerjiyə keçidlə bağlı təşəbbüsləri və planları, ölkənin davamlı inkişafını təmin etmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədini daşıyır. Bu təşəbbüslər müxtəlif sahələri əhatə edir və Yenilənə Bilən Enerji Mənbələrinə Keçid, Enerji Səmərəliliyi, Hüquqi və Tənzimləyici Çərçivələr, Beynəlxalq Əməkdaşlıq və İnvestisiyalar kimi bir neçə əsas istiqamətdə irəliləyir. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir.
Eyni zamanda Azərbaycan günəş enerjisinin geniş istifadəsinə böyük potensial malikdir. Bu sahədə müxtəlif layihələr həyata keçirilir və yeni günəş enerji stansiyalarının tikintisi planlaşdırılır. Bununla yanaşı, Xəzər dənizinin sahilində və ölkənin digər bölgələrində külək enerjisinin inkişafı üçün əlverişli şərait mövcuddur. Külək enerji stansiyaları qurulur və yeni layihələr həyata keçirilir.Azərbaycan kiçik və orta ölçülü su elektrik stansiyalarının inkişafına da diqqət yetirir. Bu stansiyalar su resurslarının səmərəli istifadəsini təmin edir və ekoloji təsirləri minimuma endirir. Paralel olaraq ölkəmizdə enerji səmərəliliyini artırmaq üçün müxtəlif proqramlar və layihələr həyata keçirir. Bu proqramlar, sənaye, məişət və nəqliyyat sektorlarında enerji istifadəsinin optimallaşdırılmasına yönəldilib.
Sadalanan alternativ enerji mənbələrinin geniş müstəvidə təbliği və müzakirəsi üçün COP29 Sədrliyinin rəhbərliyi altında olan Yaşıl zonanın təşkil ediləcək. Bu zonada konseptual məqsəd iqlim dəyişmələri ilə mübarizə sahəsində dövlət qurumları ilə bütün maraqlı tərəflər arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Daha geniş desək, Yaşıl zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır. Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir.
COP29 konfransı Azərbaycanın beynəlxalq arenada ekoloji problemlərə qarşı mübarizədə daha fəal iştirak etməsinə imkan yarada bilər. Bu, ölkənin digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirərək, yeni texnologiyalar, investisiyalar və bilik mübadiləsi sahəsində imkanlar açacaq. Həmçinin COP29-da müzakirə olunan beynəlxalq standartlar və qaydalar, Azərbaycanın milli siyasət və qanunvericiliyinin təkmilləşdirilməsinə təkan verəcək. Bu, ölkənin ekoloji problemlərin həlli istiqamətində daha güclü və effektiv tədbirlər görməsinə imkan yaradacaq. Hesab edirəm ki, bu nəticələr, Azərbaycanın davamlı inkişafını təmin etmək və iqlim dəyişikliyinə qarşı mübarizədə daha güclü mövqe tutmaq üçün vacib zəmin yaradacaq. Ölkəmizin COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti siyasi qələbəsi və uğurudur. Ölkə başçısının bu təşəbbüsünün reallaşması bir daha Azərbaycana atılan əsassız iddialara, aparılan çirkin kampaniyalara tutarlı cavab idi. Ümumilikdə COP29 tədbiri, ölkənin ekoloji problemlərin həlli istiqamətində atacağı addımları daha təsirli və dayanıqlı edəcək. Daha yaxşı, daha təmiz dünyamız üçün belə beynəlxalq tədbirlərin keçirilməsi zəruridir.
Aydın Tağıyev,
Yazıçı, tədqiqatçı jurnalist