“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinə yeni üzvlər qəbul olunub.
Aydınlar.az İctimai Birliyin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin AZƏRTAC-a verdiyi məlumata istinadən bildirir ki, üzvlüyə yeni qəbul olunmuş növbəti 100 nəfərə “İMZA”nın üzvlük vəsiqələri təqdim edilib.
Vəsiqələri təqdim edən İctimai Birliyin İdarə Heyətinin sədri Xəyyam Əsgərov üzvlərin hər birini “İMZA”nın işində, xüsusilə könüllülük hərəkatında fəal iştiraka çağırıb. Bildirib ki, İctimai Birlik Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı, dünyada daha da tanıdılması məqsədilə gördükləri işləri xüsusilə sosial şəbəkələr üzərindən geniş təbliğ edir.
Yeni üzvlər “İMZA”nın fəaliyyətini həm sosial şəbəkələrdə, həm də ölkəmizin sosial-ictimai həyatında yaxından izlədiklərini vurğulayıblar. Onlar qurumun işində, o cümlədən keçirəcəkləri tədbirlərdə fəal şəkildə iştirak edəcəklərini deyiblər.
Qeyd edək ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi indiyədək həm sosial şəbəkələrdə, həm də ölkəmizin ictimai-sosial həyatında fəal şəkildə iştirak edib, bir sıra ciddi layihələri gerçəkləşdirib. Xüsusilə beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı olub. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən beynəlxalq konfrans, bu il təşkil olunmuş “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” adlı beynəlxalq tədbir, həmçinin “İMZA”nın əvvəlki illərdə keçirdiyi Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımına həsr olunmuş toplantılar və digər əhəmiyyətli yığıncaqlar geniş ictimai rezonans doğurub, yerli və xarici mediada bu barədə məlumatlar yayılıb. “İMZA” kollektivi yaxın perspektiv üçün də yeni planlar üzərində çalışır.