Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçmişdir.
1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub.
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.
2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilib. Həmin ildə AGF-nin fəaliyyətinə 4 gimnastika növünün inkişafı daxil idisə, bu gün ölkəmizdə artıq 9 gimnastika növü inkişaf etdirilməkdədir. Gimnastlarımız Olimpiya Oyunlarında iştirak etmiş, Dünya və Avropa Çempionatlarının mükafatçıları olmuşlar. Azərbaycanda gimnastika növləri üzrə 17 Dünya Kuboku yarışları, 2 Dünya Çempionatı, 5 Avropa Çempionatı uğurla təşkil edilmişdir. 2014-cü ildən etibarən isə dünyada nadir idman tikililərindən hesab olunan Milli Gimnastika Arenası gimnastlarımızın məşq etməsi və yarışların keçirilməsi üçün istifadəyə verilmişdir. Hərtərəfli inkişafa üstünlük verməklə Mehriban Əliyevanın həyata keçirdiyi inkişaf strategiyası nəticəsində, hazırda Azərbaycanın 18 bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir. 6 il ardıcıl olaraq AGF-nin Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısına düşməsi və son 3 il ərzində bu siyahıya liderlik etməsi, onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzunun bariz nümunəsidir.
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2022-ci il noyabrn 15-də isə Xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlayıb.
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.
2014-cü ilin avqustunda “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub.
2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunub.
2015-ci il martın 26-da Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7% (38 029 səs) səs toplayaraq deputat seçilib.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanıdılması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edib.
2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilib.
2016-cı il martın 6-da Mehriban Əliyeva “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib.
2016-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
2016-cı il sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə Mehriban Əliyevaya şəhərin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib.
2016-cı il sentyabrın 22-də Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Mehriban Əliyeva Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu ilə təltif olunub.
2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Bu təyinatla əlaqədar 6 mart 2017-ci il tarixində V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilmişdir.
2017-ci il iyunun 2-də Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilib. Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə Mehriban Əliyeva “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə də təltif olunub.
2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib.
2018-ci il martın 15-də qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı Mehriban Əliyevaya təqdim edilib.
2018-ci il iyulun 18-də İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilib.
2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunub.
2019-cu il yanvarın 18-də Mehriban Əliyeva dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.
2019-cu il avqustun 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub.
2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilib.
2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.