Oktyabr 28-də Bakı şəhərində ölkəmizin NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi çərçivəsində Enerji Təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə Azərbaycan-NATO Dəyirmi Masa tədbiri keçirilib.
Aydınlar.az xəbər verir ki, tədbirdə NATO-nun İnnovasiya, hibrid və kiber məsələlər bölməsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrdən, o cümlədən ölkəmizin aidiyyəti qurumlarından müvafiq sahədə ixtisaslaşmış ekspertlər və akademik dairələrin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində enerji təhlükəsizliyi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, mühüm enerji infrastrukturuna mümkün hədələr, risklər və onun mühafizəsi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi arasında əlaqə mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycanın etibarlı tərəfdaş və enerji təchizatçısı kimi rolu, həmçinin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçid istiqamətində fəaliyyəti, o cümlədən COP-29 tədbirinə ev sahibliyi xüsusi vurğulanıb.