Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur. İbtidai təhsilini öncə evdə, sonra isə Ordubad məktəbində almış, 1918-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçərək Rüşdiyyə 7 illik məktəbində oxumuşdur. 1920-1923-cü illərdə Yusif Məmmədəliyev məktəbdə müəllim işləyir. 1923-cü ildə o təhsilini artırmaq məqsədiylə Bakıya gələrək yeni açılan Pedaqoji İnstituta daxil olur. İlkin olaraq ədəbiyyat fakultəsində təhsil almaq istəyən Yusif müəlliminin məsləhəti ilə kimya fakultəsində oxumağa qərar verir. 1926-ci ildə Pedaqoji İnstitu bitirdikdən sonra gənc alim İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim olaraq işləməyə başlayır. 1929-cu ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin kimya fakultəsinə daxil olur. 1933-cü ildə Bakıya gələrək Kuybışev adına Elmi-Tədqiqat İnstitutunda kiçik elmmi işçii vəzifəsində işləməyə başlayır. Burdakı fəaliyyətləri nəticəsində akademik adını alır.
Məmmədəliyev Yusif Heydər oğlu 1947-50 və 1958-61-ci illərdə Azərbaycan SSR EA-nın Prezidenti seçilmişdir.
1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirmişdir. 1942-ci ildə kimya elmləri doktoru və professor, 1945-ci ildə Azərb. SSR EA-nın akademiki olmuşdur. Azərb. SSR EA yarandıqdan (1945) sonra Neft İnstitutuna rəhbərlik etmişdir. 1951-54-cü illərdə Az.SSR EA Fizika, Kimya və Neft bölməsinin akad.-katibi. 1954-58 illərdə ADU-nun rektoru olmuşdur.
Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.
Y.Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibdə istifadə olunmasına dair müvəffəqiyyətli tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlər boyu müəmmalı qalan problemləri bu böyük alim həll edib - “qaynar lay” katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Görkəmli alimin üsulu ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Həmin dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb. 1938-ci ildə Moskva Dövlət Universitetinin elmi şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib.
Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə müstəsna xidmətləri olub. Qələbənin yaxınlaşmasında əvəzsiz xidmətləri olan Y.Məmmədəliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən, 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksəkkeyfiyyətli benzin veriblər.
Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksəkkeyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət mükafatına layiq görülüb. O, 1943-cü ildə doktorluq işini müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adını alıb. Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Bu metod ilə alınan yüksəkkeyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Dahi alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət olunub və orada ölkəmizi layiqincə təmsil edib.
Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb, onlarla elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və elm ocağının yaradılmasına nail olub.
.
Aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik algilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan vermişdir.
Məmmədəliyev Bakı neftlərinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görülmüşdür. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olmuşdur. O, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, PXR, MXP və başqa ölkələrdə çağırılan qurultay, konqres və simpoziumlarda respublikamızı dəfələrlə təmsil etmişdir.
Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri həmçinin medallarla təltif edilmişdir.
Y.H.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Akademik Y.Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri ilə haqlı olaraq dünya şöhrəti qazanıb və gələcək nəsillər üçün zəngin irs qoyub. O, Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusif Məmmədəliyev məktəbi”ni yaradıb. Y.H.Məmmədəliyev 1961-ci ildə vəfat etmişdir.