İspaniyalı tədqiqatçılar Qərbi Avropanın məlum olan ən qədim insan üzü kimi qiymətləndirilən və yaşı 1,1 ilə 1,4 milyon il arasında dəyişən üz sümüyünün qalıqlarını İspaniyanın şimalındakı Atapuerca bölgəsində tapıblar.
"Nature" jurnalında dərc olunan və IPHES-CERCA-nın rəhbərliyi altında aparılan tədqiqat, Avropadakı ilk insan miqrasiyaları haqqında bu mühüm kəşfi üzə çıxarıb.
2022-ci ildə üzə çıxarılan və layihənin rəhbəri Dr. Rosa Huguet tərəfindən Pink Floyd qrupuna bir istinad olaraq "Pembe" adlandırılan bu fosil, "Homo antecessor"dan daha ilkin bir hominid növünə aiddir.
IPHES-CERCA-dan tədqiqatçı Rosa Huguet-in rəhbərlik etdiyi elmi komanda bu tapıntının qitədə insanların təkamülünü anlamaqda mühüm bir hissə olduğunu bildirib. Kəşf, Avropaya ilk gələn bu populyasiyaların, qalıqları təxminən 860.000 il əvvələ aid olan "Homo antecessor"dan daha əvvəl orada olduqlarını göstərməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Ətraflı təhlildən sonra alimlər bu parçanı "Homo erectus"a yaxın bir növ olan "Homo affinis erectus" kimi qiymətləndirirlər, lakin bu təsnifat hələ də dəqiq deyil və bu da Avropada hələ tanınmamış bir populyasiya olma ehtimalını ortaya qoyur.
Tədqiqatın həmmüəllifi Xose Pedro Rodriguez-Alvarez Euronews-a bildirib: "Biz tamamilə fərqli bir növlə, 'Homo erectus' olmayan yeni bir növlə qarşı-qarşıya ola bilərik. Hal-hazırda bildiyimiz tək şey, onun 'Homo erectus'a bənzəməsidir və indiyə qədər Avropada tanıdığımız növlərdən açıq şəkildə fərqli olduğudur."
Atapuerca-da üç mühüm kəşf
Bu, ispan alimlərinin Qərbi Avropada ən qədim insan qalıqlarını taparaq öz dünya rekordlarını qırdıqları üçüncü mühüm kəşfdir. İlk böyük kəşf 1990-cı illərdə "Homo antecessor" adlandırılan insan növünün Gran Dolina sahəsində qazıntılar zamanı əldə olunan qalıqları ilə baş vermişdi.
Rodriguez-Alvarez bildirir: "1994-cü ildə 'Homo antecessor' fosilləri Gran Dolina-da tapıldıqda, onların o vaxta qədər məlum olan bütün növlərdən fərqli olduğu artıq aydın idi və nəticədə 1997-ci ildə yeni bir növ kimi nəşr edilməsinə qərar verildi."
Təxminən 900.000 il yaşı olan bu fosillər, Qərbi Avropadakı ilk insanların ən çox 500.000 yaşında olduğu fikrinə meydan oxuduğu üçün elmi cəmiyyəti təəccübləndirdi. Bundan əlavə, "Homo antecessor" olduqca müasir üz cizgilərinə malik idi və "Homo sapiens"ə bənzər düz bir üz quruluşuna sahib idi.
Araşdırmaçı əlavə edir: "Daha sonra, 2007-ci ildə, Sima del Elefante adlı ərazidə, lakin onun üstündəki arxeoloji təbəqədə təxminən 1,2 milyon il əvvələ aid bir alt çənə sümüyü tapdıq." Bu fosil, çənə bölgəsində ilkin xüsusiyyətlər göstərsə də, daxili quruluşu gözlənilməz dərəcədə incə xüsusiyyətlərə malik idi.
Üz parçasına əlavə olaraq, tədqiqatçılar daş alətlər və heyvan sümükləri üzərində kəsik izləri də tapıblar; bu isə bu erkən avropalıların artıq ov etmə və ət emalı üçün daş texnologiyasından istifadə etdiklərini və ətraf mühitə effektiv şəkildə uyğunlaşdıqlarını göstərir. O dövrdə, Aşağı Pleistosendə, meşələr, otlaqlar və su mənbələrinin birləşdiyi landşaft bu ilk populyasiyalar üçün bol resurs təmin edirdi.
Tədqiqatın həmmüəllifi bildirib ki; "Bu alətlər bölgəyə çox yaxın yerlərdə tapıla bilən daşlardan, xüsusilə də yerli qayalar olan çaxmaqdaşı, kvars və əhəngdaşından hazırlanmış sadə alətlərdir. Bu alətləri, dağlıq bölgənin təbii ehtiyatlarından yararlanmaq məqsədi ilə istifadələri ilə əlaqələndirə bilərik."
Atapuerca arxeoloqlar üçün niyə vacib bir sahədir?
2000-ci ildən bəri UNESCO-nun Dünya İrsi Saytı kimi tanınan Atapuerca, Avropadakı ən qədim və ən çox sayda insan qalığını özündə birləşdirir və burada aparılan kəşflər elmə böyük təsir göstərib. Alim bildirir: "Təxminən 20 kvadratkilometrlik kiçik bir sahədə 850.000 ilə 1.100.000 ildən daha qədim insan fosillərinin tapıldığı iki fərqli sahəmiz var."
Bu tapıntı, Atapuerca-nın insan təkamülü üzrə qlobal bir istinad nöqtəsi kimi rolunu gücləndirməklə yanaşı, qədim dövrlərdə Avropada yaşamış hominidlərin müxtəlifliyi haqqında yeni suallar da doğurur. Atapuerca tədqiqatçıları bu kəşfi, qədim qitədə insanlığın mənşəyini anlama yolunda mühüm bir addım hesab edirlər.
"Fransa və İtaliyada 1.000.000 ilə 1.100.000 il əvvələ aid digər sahələr də var. Fərq ondadır ki, orada insan fosilləri yoxdur. Aşağı Pleistosendən olan yeganə insan fosilləri, yəni Avropada 800.000 ildən daha qədim insan fosillərinin hamısı, İber Yarımadasında, Atapuerca-da tapılıb".
Gələcək tədqiqatlar və qazıntıların, fərqli miqrasiya dalğalarının və erkən insan populyasiyalarının Avropada "Homo" cinsinin təkamül tarixini necə formalaşdırdığına işıq tutmağa davam edəcəyi gözlənilir.
Alim bildirib ki; "Elm cəmiyyətinə yeni bir növün mövcudluğunu təklif etmək üçün çoxlu fosilə sahib olmalısınız. Çox dərin araşdırmalar aparmalısınız və indi biz yalnız bir nümunədən danışırıq. Bu çox maraqlı və çox təmsil edici bir nümunədir, lakin bu yalnız bir üz parçasıdır. Onun 'Homo erectus'a bənzədiyini, lakin fərqli olduğunu qəti şəkildə deyə bilmək üçün daha çox fosil tapmağımız lazımdır."