ASELSAN, açıq ürək əməliyyatlarında ürək və ağciyərin funksiyalarını üzərinə götürən Ürək-Ağciyər Aparatı hazırlayıb. Türkiyədə ilk dəfə milli imkanlarla Ürək-Ağciyər Aparatı istehsal olunub.
Aydınlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ASELSAN müdafiə sənayesində olduğu kimi, səhiyyə sektorunda da Türkiyənin yerli və milli məhsullarını inkişaf etdirməyə davam edir. İstanbulda keçirilən EXPOMed Eurasia sərgisində ASELSAN tərəfindən Türkiyədə ilk dəfə milli imkanlarla hazırlanan Ürək-Ağciyər Aparatı təqdim olunub.
ASELSAN mühəndisləri tərəfindən türk həkimləri ilə birgə hazırlanan Ürək-Ağciyər Aparatı, açıq ürək əməliyyatlarında istifadə ediləcək. Əməliyyat zamanı ürək və ağciyərin funksiyalarını yerinə yetirərək xəstənin həyatda qalmasını və əməliyyatın uğurla aparılmasını təmin edir. Hazırda açıq ürək əməliyyatlarının böyük əksəriyyətində ürək-ağciyər aparatı istifadə olunur.
90 faizi Türkiyənin yerli istehsalıdır
2020-ci ildə başlanılan inkişaf işləri nəticəsində cihazın qan testləri uğurla tamamlanıb. Dizayn mərhələsində həkimlərin dəstəyi ilə hazırlanan Ürək-Ağciyər Aparatı, If Design, A’Design və IDA Design kimi üç müxtəlif mərkəzdən sənaye dizaynı mükafatları alıb. 90 faiz yerli istehsal ilə hazırlanan bu cihaz, həm xarici ticarət balansına müsbət təsir göstərəcək, həm də dünya ölkələrinə ixrac potensialı daşıyır.
2026-cı ildə xəstəxanalarda istifadəyə veriləcək
Türkiyə Səhiyyə İnstitutları Rəhbərliyi (TÜSEB) ilə birgə klinik test işləri davam etdirilir. Ürək-Ağciyər Aparatının 2026-cı ildə xəstəxanaların istifadəsinə verilməsi planlaşdırılır. ASELSAN-ın təqdimat mərasiminə qatılan Səhiyyə naziri Kemal Memişoğlu bildirib: “Bu, çox strateji bir cihazdır, bu cihaz olmadan ürək əməliyyatı aparmaq mümkün deyil. Artıq bu cihazı Türkiyədə istehsal edə bilirik və onun 90 faizi yerli istehsaldır. Türkiyə həm istehsalda, həm sənayedə, həm də səhiyyədə artıq öz çərçivəsini qırır. Bizim iddiamız budur ki, səhiyyə sahəsi müdafiə sənayesindən daha böyük bir sənaye sahəsinə çevriləcək.”
Xəbər Müəllifi: Vasif Şükür