Unitree Robotics, AgiBot, Galbot, Engine AI və Leju Robotics kimi şirkətlərin də daxil olduğu Çin robot texnologiyaları şirkətləri bu ildən etibarən kütləvi istehsala keçir. 2025-ci ildə 1.000-dən artıq robot istehsal olunacaq.
Aydınlar.az xarici mətbuata istinadən xəbər verir ki, Çin süni intellekt yönümlü texnoloji transformasiyasında mühüm bir mərhələni daha geridə qoyur. Ölkənin insanabənzər robot istehsalçıları 2025-ci ildən seriyalı istehsala keçərək sahədə yeni bir dövrün başlanğıcını hazırlayır. Bazar araşdırmaları şirkəti TrendForce-un yeni hesabatına görə, Çindəki 11 insansı robot istehsalçısından 6-sı bu il 1.000-dən çox robot istehsal etməyi planlaşdırır. Bu addım ölkənin ümumi insanabənzər robot istehsal dəyərini təxminən 4,5 milyard yuan (616 milyon ABŞ dolları) səviyyəsinə çıxaracaq.
Çin insanabənzər robotların kütləvi istehsalına keçir
Seriyalı istehsala hazırlaşan şirkətlər arasında diqqət çəkən adlar mövcuddur: Unitree Robotics, AgiBot, Galbot, Engine AI və Leju Robotics. Bu firmalar robot texnologiyasında əldə edilən nailiyyətləri yalnız texniki uğurlarla məhdudlaşdırmır, eyni zamanda Çinin texnologiya sahəsində xarici asılılığını azaltmaq məqsədlərinə uyğun bir strategiya izləyirlər.
Hesabatda diqqət çəkən başqa bir məqam isə Tesla CEO-su Elon Musk-ın Optimus adlı insanabənzər robotunu minlərlə ədəd istehsal etmək hədəfidir. Lakin ABŞ mərkəzli istehsalçıların bir çox əsas komponent üçün hələ də Çinli təchizatçılara asılı olması potensial gömrük rüsumu böhranlarına açıq bir struktur yaradır. Bu vəziyyət Çin şirkətlərinə rəqabətdə üstünlük qazandırır.
Çətinliklər hələ də aşılmayıb
İstehsal sahəsində həyəcanverici inkişaflar yaşansa da, texniki sahədə bəzi çətinliklər hələ də həllini tapmayıb. Keçən həftə Pekində təşkil olunan yarı marafon buna aydın bir nümunə oldu. 21.1 kilometrlik yarışda insansı robotlar da iştirak etdilər. Lakin 20 robotdan yalnız 6-sı yarışı tamamlaya bildi.
Beijing Humanoid Robot Innovation Centre tərəfindən inkişaf etdirilən "Tiangong Ultra" yarışı uğurla tamamlayaraq robotlar arasında birinci oldu. Bununla belə, təxminən 2 saat 40 dəqiqəyə yarışı bitirən robotun batareyası yarış ərzində üç dəfə əllə dəyişdirildi və insan iştirakçılarla müqayisədə geri qaldı. Şirkətin CEO-su Tang Jian-a görə, batareya tutumunun artırılması robotun həm çəkisinə, həm də yerimə balansına mənfi təsir edir. Bu səbəbdən batareya, səmərəlilik və hərəkətlilik sahələrində hələ də görüləcək işlər var.
Xəbər Müəllifi: Vasif Şükür