ABŞ Federal Aviasiya Administrasiyası (FAA), Elon Musk-ın rəhbərlik etdiyi SpaceX şirkətinə dünyanın ən böyük raketi olan Starship-i ildə 25 dəfə, yəni orta hesabla iki həftədən bir buraxmaq üçün son dərəcə mühüm bir icazə verdi.
Aydınlar.az xarici mətbuata istinadən xəbər verir ki, bu icazə şirkətə Texas ştatındakı Starbase kosmik bazasından həm Starship raketlərini, həm də onun Super Heavy iticilərini ildə 25 dəfə buraxıb geri endirmək imkanı yaradır. Bu rəqəm, əvvəlki ildə beş buraxılışla məhdud olan icazənin beş qat artımı deməkdir. Beləliklə, bu qərar SpaceX-in əməliyyat intensivliyini əhəmiyyətli dərəcədə artırmağa şərait yaradır.
FAA-nın bu qərarı uzun müddət davam edən ekoloji və inzibati qiymətləndirmələrdən sonra qəbul edilib. Qurumun çərşənbə axşamı açıqladığı yekun ekoloji qiymətləndirmə hesabatında, SpaceX-in daha tez-tez buraxılış etmə tələbinin "ətraf mühitə əhəmiyyətli dərəcədə mənfi təsir göstərməyəcəyi" qənaətinə gəlinib. Bununla belə, FAA qeyd edib ki, bu qərar yalnız ekoloji aspektləri əhatə edir və lisenziyanın tam təsdiqlənməsi üçün təhlükəsizlik, yük siyasəti və maliyyə məsuliyyəti kimi digər amillər də qiymətləndirilməyə davam edilir.
Raketin özü kimi problemləri də böyükdür
121 metr uzunluğunda olan Starship raketləri indiyədək bir sıra texniki nasazlıqlar və ekoloji mübahisələrlə gündəmə gəlib. İlk inteqrasiya olunmuş Starship buraxılışı 2023-cü ilin aprelində həyata keçirilsə də, raket havada partlamışdı. Partlayışdan sonra Boca Chica bölgəsindəki təbii yaşayış məkanlarında yanğın baş vermiş, nəsli kəsilməkdə olan növlərin yuvalarına ziyan dəymişdi.
2024-cü ilə gəldikdə isə həm ştat, həm də federal səviyyədəki ekoloji nəzarət qurumları SpaceX şirkətini "Təmiz Su Qanunu"nu pozduğuna görə cərimələmişdi. Ekoloji problemlərlə yanaşı, Starship raketi hələ heç bir test uçuşunda bütün məqsədlərə tam şəkildə nail ola bilməyib. Bəzi uçuşlarda kosmosa çatmaq, mühərriklərin yenidən işə salınması və ya idarə olunan eniş kimi mühüm mərhələlər uğurla yerinə yetirilib; lakin heç bir missiya bütün mərhələləri qüsursuz tamamlamayıb.
Elon Musk Starship raketlərini təkcə orbitə çıxış üçün deyil, həm də Marsa insan göndərmək kimi uzunmüddətli məqsədlər üçün nəzərdə tutub. Hər nə qədər Musk bu vizyonunu tez-tez təkrarlasa da, hələlik real bir zaman cədvəli təqdim edilməyib. FAA-nın bu yeni icazəsi isə SpaceX-in Starship sistemini daha tez-tez sınaqdan keçirməsinə və uzunmüddətli hədəflərinə daha sürətlə çatmasına şərait yarada bilər.
Xəbər Müəllifi: Vasif Şükür