Əliağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.
Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əliağa Vahidin anadan olmasının 120 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən şairin 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçəri Şəhərə köçürülmüşdür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Mənbə: https://portal.azertag.az/az