Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində oxuyub. 1942-1943-cü illərdə Gəncə Filarmoniyasının, 1947-ci ildə isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. Səhnə musiqisi sahəsindəki fəaliyyətinə "Ürəkçalanlar" və "Gözün aydın" operettaları ilə başlayan böyük bəstəkarın ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorları G.Rojdestvenski, K.Abendrot, Ş.Münş və L.Stokolovskinin dirijorluğu ilə ifa olunub.
Fikrət Əmirov 1948-ci ildə "Şur" və "Kürd Ovşarı" simfonik muğamlarını yazmışdır. Bu simfonik muğamlar bir çox ölkələrdə sevilib və Bolqarıstan, Belçika, Fransa, ABŞ-ın konsert salonlarında böyük coşqu ilə səsləndirilib. Fransanın "Disk" musiqi jurnalında bəstəkarın simfonik muğam yaradıcılığına yüksək qiymət verilmişdir. "Nyu-York Tayms" qəzeti isə ABŞ-da "Şur" simfonik muğamının yazıldığı qrammofon valının buraxılmasını xəbər verirdi. 1950-ci ildə bəstəkar dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələmişdir. Ardınca isə Cəfər Cabbarlının "Sevil" əsəri əsasında musiqi tarixində ilk milli lirik opera olan "Sevil" operasını yazmışdır. Fikrət Əmirovun genişmövzulu yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifi idi. 1970-ci illərdə "Nəsimi" vokal xoreqrafik poeması, simfonik orkestr üçün "Azərbaycan qravürləri", "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamı və "Min bir gecə" nağılları əsasında eyniadlı balet yazmışdır. Bəstəkar 1965-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüş, 1982-ci ilin may ayında Sosialist Əməyi Qəhrəmanı adı almışdır.
Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Fikrət Əmirov Gəncədə doğulsa da, əslən Şuşalıdır. Atası Məşədi Cəmil bəstəkar və tarzən olub. Kiçik yaşlarından atasının ifalarının sədasında böyüyən Fikrət Əmirovun gələcək həyatını musiqiyə bağlaması heç də təsadüfi deyildi. Atasını erkən itirən bəstəkar yaşadığı çətinliklərə baxmayaraq, ilk vaxtlar bacısı Yaxşı xanımın ifa etdiyi mahnıları tarla müşayiət edirdi. Bu ifaları onlara təhsil aldıqları məktəblə yanaşı, ətrafda da uğur qazandırır. Belə ki, Uşaq Yaradıcılıq Akademiyasında Əmirovlar o vaxt istedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyovla tanış olurlar. Üzeyir bəyin xeyir-duası ilə sənət yoluna qədəm qoyan F.Əmirov onun yaradıcılığından da sonralar bəhrələnmişdir. Hətta, Fikrət Əmirovu Üzeyir Hacıbəyovun varisi adlandırırdılar. Bəstəkar özü isə Üzeyir Hacıbəyov haqqında deyirdi: "Biz hamımız Üzeyir məktəbindən çıxmışıq". 1939-cu ildə Bakıya gələn Fikrət Əmirov indiki Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Sonralar Konservatoriyada təşkil olunan "Xalq musiqi kabineti"nə rəhbərlik edən F.Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı da məhz Üzeyir Hacıbəyov olmuşdur.
O, 1941-ci ildə orduya çağırıldığı üçün təhsili yarımçıq qalır. Voronej cəbhəsinə göndərilən F.Əmirov 1942-ci ildə xəstəliyi ilə əlaqədar ordudan tərxis olunur. Bəstəkarın İkinci Dünya müharibəsində iştirakı onun həyat və yaradıcılığının əsas dövrü olub. Ordudan qayıtdıqdan sonra Fikrət Əmirov Gəncə Dövlət Filarmoniyasında çalışır. Burada yaşadığı dövr ərzində bir neçə tamaşaya musiqi yazır. Lakin 1943-cü ildə ali təhsilini davam etdirmək üçün Bakıya qayıdır.
Fikrət Əmirov geniş və olduqca rəngarəng yaradıcılığa sahibdir. O, musiqinin bir çox janrlarında əsərlər yazmışdır. Əsərləri fundamentallığı ilə Azərbaycan mədəni irsinin dəyərli nümunələrindəndir. Azərbaycan bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirov çoxşaxəli yaradıcılığında mahnı janrından tutmuş operaya, baletə qədər bütün musiqi janrlarına öz möhürünü vurmuşdur. Fikrət Əmirov yaradıcılığında xalq mahnıları və muğamlardan bəhrələnmişdir. Eyni zamanda, bəstəkar Avropa musiqi ənənələrini də musiqimizə gətirmişdir. Dahi rus bəstəkarı Dmitri Şostakoviç Fikrət Əmirov haqqında yazırdı: "Fikrət Əmirov zəngin melodik dilə malikdir. Melodiya onun yaradıcılığının ürəyidir. Öz əsərlərində bəstəkar musiqi folklorundan geniş istifadə edir. Azərbayan folklorunun Əmirov musiqisinə bilavasitə təsiri göz qabağındadır".
Fikrət Əmirov xalq musiqisi və muğamlardan bəhrələnərək Azərbaycan professional musiqisində muğam-poema və simfonik muğam janrlarının əsasını qoymuş, zəngin musiqi xəzinəmizdə yeniliyə imza atmışdır. Böyük bəstəkarımızın "Sevil" operası, "Nəsimi dastanı", "Xəzəri fəth edənlər", "Min bir gecə", "Nizami" baletləri, "Ürəkçalanlar", "Xoş xəbər", "Gözün aydın" operettaları, "Şur", "Kürd Ovşarı" simfonik muğamları və bir sıra suitaları Azərbaycan musiqi tarixində xüsusi yer tutur. Eyni zamanda, bəstəkar metso-soprano, kamera orkestri və nağara üçün "Gülüstan", "Bayatı Şiraz" simfonik muğamının, böyük simfonik orkestr üçün "Azərbayan qravürləri"nin, fortepiano üçün on iki miniatürün və bir sıra məşhur mahnıların da müəllifidir. Onun ən məşhur mahnılarından biri Hüseyn Cavidin "Şeyx Sənan" dramına yazdığı "Kor ərəbin mahnısı" və "Dağlar qızı Reyhan"dır. Fikrət Əmirov eyni zamanda bir sıra kinofilmlərə - "Səhər", "Böyük Dayaq", "Yaşamaq gözəldir, qardaşım", "Mən ki, gözəl deyildim", "Sevil", "Nəğmə dərsi" və "Firəngiz" bədii filmlərinə də musiqi yazmışdır. Bu il görkəmli bəstəkarın 100 illiyi tamam olur. Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də Bakı şəhərində vəfat etmişdir. Bəstəkar I Fəxri xiyabanda dəfn olunub.
Mənbə: https://portal.azertag.az/az