Əsrlər boyunca alimləri Marsın niyə qırmızı rəngə malik olduğu sualı düşündürmüşdür. Yeni aparılan bir araşdırma isə bu rəngin səbəbinin bir zamanlar Marsda mövcud olan su ilə əlaqəli olduğunu irəli sürür.
Aydınlar.az xarici mətbuata istinadən xəbər verir ki, Marsın dünyaca tanınan qırmızı rəngə niyə sahib olduğu sualı uzun illərdir alimlərin ən böyük maraq mövzularından biri olmuşdur. Yeni nəşr olunan beynəlxalq araşdırma bu suala əhəmiyyətli cavab verir. NASA-nın qismən dəstəyi ilə aparılan tədqiqat Marsın qədim dövrlərdə soyuq, lakin su baxımından zəngin və potensial olaraq yaşana bilən bir iqlimə malik olduğuna dair sübutları gücləndirir.
Qırmızılığın səbəbi – Su
Hazırda Marsın atmosferi olduqca nazik və soyuqdur, buna görə də səthində uzun müddət maye suyun mövcudluğu mümkün deyil. Lakin NASA və digər kosmik agentliklərin Marsa göndərdiyi bir çox missiyalar milyardlarla il əvvəl planetin səthində çaylar, göllər və suyun varlığını göstərən minerallar aşkar etmişdir. Bu tapıntılara yeni bir töhfə isə Nature Communications jurnalında dərc olunan tədqiqatla verilmişdir.
Araşdırmaya əsasən, Mars tozunun xarakterik qırmızı rənginə cavabdeh olan əsas mineral ferrihidrit ola bilər. Ferrihidrit, su və dəmirin birləşməsi nəticəsində əmələ gələn dəmir oksid mineralıdır. Mars tozunun mürəkkəb mineral quruluşu içində ferrihidritin mövcudluğu planetin niyə qırmızı göründüyünü izah etməkdə mühüm rol oynayır.
Qeyd olunası digər mühüm məqam odur ki, ferrihidrit əvvəllər diqqət mərkəzində olan hematit kimi minerallardan fərqli olaraq, daha aşağı temperaturda və soyuq su şəraitində əmələ gəlir. Bu isə Marsın milyardlarla il əvvəl yaşana bilən, maye suyun mövcud olduğu daha mülayim bir dövrə sahib olduğunu göstərir.
Mars şəraitinin yenidən canlandırılması
Tədqiqatçılar nəzəriyyələrini yoxlamaq üçün laboratoriyada Mars şəraitini təkrar yaradıblar. Mineralları insan saçından təxminən 100 dəfə nazik toz hissəciklərinə üyütdülər və bu hissəciklərdən əks olunan işığı təhlil etdilər. Nəticələr göstərdi ki, ferrihidrit Marsın hazırkı soyuq və quru iqlimində də sabit qalır, lakin onun strukturu keçmişdə mövcud olmuş su şəraitinin izlərini saxlayır.
Mars səthindən heyranedici görüntü: Qırmızı Planetin peyki Deimos
Braun Universitetindən Adomas Valantinas bildirib: “Bu araşdırmadan öyrəndiyimiz əsas məqam odur ki, əldə olunan sübutlar ferrihidritin əmələ gəldiyini göstərir və bunun baş verməsi üçün oksigenin və suyun dəmirlə reaksiya apara biləcəyi şəraitin mövcud olması tələb olunur. Bu şərait isə günümüzdəki quru və soyuq mühitdən tamamilə fərqli idi”.
Ferrihidritin mövcudluğunu dəqiqləşdirmək məqsədilə NASA-nın Mars Reconnaissance Orbiter, ESA-nın Mars Express və Trace Gas Orbiter peyklərindən əldə edilən məlumatlar, eləcə də Curiosity, Pathfinder və Opportunity kimi aparatların spektral analizləri ətraflı şəkildə incələnmişdir. Bütün bu məlumatlar mineralın Mars səthində geniş yayılmış olduğunu təsdiqləmişdir.
Yeni tapıntılar köhnə nəzəriyyələrə meydan oxuyur
Bu kəşf, Marsın zamanla tədricən quruyub oksidləşdiyi yönündəki köhnə nəzəriyyələri yenidən müzakirəyə açır. Yeni sübutlar göstərir ki, Marsın keçmişində maye suyun hakim olduğu rütubətli bir dövr yaşanmış və bu dövrdən sonra planet bugünkü quru, tozlu vəziyyətə keçmişdir.
Xəbər Müəllifi: Vasif Şükür