"Enoch" adlı xüsusi hazırlanmış süni intellekt proqramı, Müqəddəs Kitab arxeologiyasının ən mühüm tapıntılarından biri olan Ölü Dəniz Əlyazmalarının yenidən qiymətləndirilməsinə səbəb olub.
Aydınlar.az xarici mətbuata istinadən xəbər verir ki z Niderland, Danimarka, Belçika və İtaliyadan olan beynəlxalq bir tədqiqat qrupu bu alqoritmdən istifadə edərək bəzi əlyazmaların əvvəlki tarixlərdən daha qədim ola biləcəyini irəli sürmüşdür.
Ölü Dəniz Əlyazmaları 1946-cı ildən etibarən Qumran mağaralarında tapılmış və İkinci Məbəd Dövrünə (e.ə. 516 – e.ə. 70) aid edilmişdir. Bu mətnlər qədim yəhudi və erkən xristian icmaları haqqında mühüm məlumatlar ehtiva edir. Əlyazmaların bəzilərində tarix qeyd edilsə də, çoxu tarixsiz olduğundan onların dəqiq dövrünü müəyyənləşdirmək çətinlik yaradır. Ənənəvi olaraq tarixləmə üçün radiokarbon analizləri və paleoqrafik üsullar istifadə olunur.
Lakin bu metodların məhdudiyyətlərini nəzərə alan alimlər, Enoch adlı süni intellekt proqramını inkişaf etdiriblər. Bu sistem, həm radiokarbonla dəqiqləşdirilmiş əlyazmaların məlumat bazasına, həm də yazı üslublarının təhlilinə əsaslanır. Enoch vasitəsilə 135 tarixsiz əlyazma təhlil edilmiş, nəticələr paleoqrafların qiymətləndirmələri ilə müqayisə edilmişdir. Alimlər bu nəticələrin təxminən 80%-nin real və uyğun olduğunu müəyyən etmişlər.
Əldə edilən nəticələrdən biri, bəzi əlyazmaların əvvəl hesab ediləndən 100-150 il daha qədim olduğunu göstərmişdir. Hətta iki nümunənin müəlliflərinin dövrünə aid olduğu, yəni ilkin müəlliflər tərəfindən yazıldığı ehtimalı da ortaya çıxmışdır.
Bütün nəticələrin daha da dəqiqləşdirilməsi üçün əlavə testlərə ehtiyac olsa da, Enoch sistemi qədim mətnlərin tədqiqi və tarixləndirilməsi üçün tədqiqatçılara yeni imkanlar açır. Tədqiqatçılar bu texnologiyanı “zamanda səyahət vasitəsi” kimi qiymətləndirir və antik dünyanı daha dərindən anlamaq üçün yeni yollar açdığı qənaətindədirlər.
Xəbər Müəllifi: Vasif Şükür