18 iyun 2025-ci il tarixində NASA ilə Hindistan Kosmik Araşdırmalar Təşkilatı (ISRO) arasında misli görünməmiş əməkdaşlığın bəhrəsi olan NISAR adlı peyk kosmosa göndəriləcək. Bu, hər iki ölkənin kosmik texnologiyalar sahəsində güclərini birləşdirdiyi ilk böyük layihə olaraq tarixə düşəcək.
Aydınlar.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 3 ton ağırlığında və 12 metrlik radar anteninə sahib NISAR (NASA-ISRO Synthetic Aperture Radar), Hindistanın Çennai şəhəri yaxınlığında yerləşən Satish Dhawan Kosmik Mərkəzindən buraxılacaq. Layihənin ümumi dəyəri 1,5 milyard dollar təşkil edir.
Peykin əsas məqsədi – Yerin səthində baş verən dəyişiklikləri santimetr dəqiqliyində və demək olar ki, real vaxtda müşahidə etməkdir. Bu baxımdan, NISAR öz kateqoriyasında dünyada ilk olacaq.
Gecə və buludda belə görüntü imkanı
NISAR peykinin texnoloji əsasını SAR – Sintetik Apertura Radarı təşkil edir. Bu radar texnologiyası ənənəvi peyklərdən fərqli olaraq, Günəş işığını deyil, aktiv radar siqnalları yayaraq görüntülər əldə edir. Bu isə o deməkdir ki, NISAR gecə, buludlu hava, tüstü və digər maneələrdən asılı olmayaraq səthi izləyə biləcək.
Xüsusilə meşə örtüyü, kənd təsərrüfatı sahələri, buzlaqlar və şəhər infrastrukturunun dəqiq təhlili üçün bu texnologiya əvəzolunmaz sayılır. Bundan əlavə, peyk təbii fəlakətlər – zəlzələ, daşqın, yanğın və vulkan püskürməsi kimi hallarda da hadisə bölgələrini dərhal və dolğun şəkildə izləyə biləcək.
Kimlər üçün faydalıdır?
Fermerlər üçün torpaq və məhsul monitorinqi;
İqlim alimləri üçün buzlaqların, meşə biomüxtəlifliyinin və karbon ehtiyatlarının təhlili;
Fövqəladə hallar xidmətləri üçün sürətli və dəqiq fəlakət zonası təhlili.
Mütəxəssislər bildirirlər ki, bu cür peyk sistemləri iqlim dəyişikliyi ilə mübarizədə və qlobal ekoloji siyasətin formalaşdırılmasında mühüm rol oynayacaq. Üstəlik, ABŞ və Hindistanın bu ortaq təşəbbüsü gələcəkdə beynəlxalq kosmik əməkdaşlıqlar üçün də stimul hesab olunur.
Xəbər Müəllifi: Vasif Şükür