Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olmuşdur.
Z.Bünyadov 1946-cı ildə N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna, 1950-ci ildə isə həmin institutun aspiranturasına daxil olmuşdur. Tələbəlik illərində görkəmli Sovet ərəbşünası prof. Y.A.Belyayev onun müəllimi olmuşdur. 1954-cü ildə Y.A.Belyayevin rəhbərlik etdiyi kafedrada Z.Bünyadov ilk tədqiqat işi olan “Afrikada İtaliya imperializmi” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-cü ildə Z.Bünyadov Bakıya qayıtmış və Azərbaycan EA Tarix İnstitutunda böyük elmi işçi vəzifəsinə qəbul edilmişdir. Z.Bünyadov 1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi olmuşdur.
Z.Bünyadov 1964-1981-ci illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun Orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş, 1981-1986 və 1988-1990-cı illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləmişdir. Z.Bünyadov 1964-cü ildə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda dissertasiya müdafiə etmişdir. 1965-ci ildə ona professor elmi adı verilmişdir.
1965-ci ildə çap olunan “Azərbaycan VII-IX əsrlərdə” kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırmışdır. Z.Bünyadov 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Z.Bünyadov 1978-ci ildə “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” adlı monoqrafiyasını nəşr etdirmişdir. Əsər 1980-ci ildə elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Z.Bünyadov 1982-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adını almışdır. Elə həmin ildə türk xalqları tarixinin öyrənilməsində böyük xidmətlərinə görə Türk Tarix Qurumunun müxbir üzvü seçilmişdir.
1986-cı ilin yanvarından 1988-ci ilin mayınadək Z.Bünyadov Azərbaycan SSR EA Şərqşünaslıq İnstitutunun Şərqin orta əsrlər tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1988-ci ilin oktyabrında türk xalqları tarixinin öyrənilməsində xidmətlərinə görə Türk Tarix Qurumunun fəxri üzvü, 1990-cı ilin iyununda isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. 1992-ci ilin oktyabrından yenidən Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdir. Z.Bünyadov 1990-cı ildə “Qurani-Kərim”in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin elmi və şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülmüşdür.
Z.Bünyadov 30 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olmuşdur. Z.Bünyadov 12 noyabr 1995-ci ildə Milli Məclisin deputatı seçilmişdir. AMEA-nın həqiqi üzvü Z.Bünyadov 21 fevral 1997-ci ildə Bakıda vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.
Mənbə: https://portal.azertag.az/az