Leyla xanım Şahtaxtinskaya Azərbaycanın ilk jurnalistlərindən olan görkəmli publisist, alim və ictimai xadim İsa Sultan Şahtaxtinskinin (1851-1894) ailəsində dünyaya göz açıb. Çoxşaxəli fəaliyyəti ilə diqqət çəkən İsa Sultan həyatı boyunca müxtəlif yerlərdə çalışıb, Qarsda eyni adlı qəzetdə işləyərkən onun ailəsinin ilk övladı Leyla xanım da 1886-cı ildə elə orada dünyaya göz açıb. Ziyalı bir ailədə doğulan Leyla xanımın təhsili valideynlərinin daim diqqət mərkəzində olub. 1894-cü ildə ata İsa Sultanın qəflətən dünyasını dəyişməsi ilə ailə maddi çətinliklərlə üzləşir, buna baxmayaraq Leyla xanım təhsilini davam etdirmək arzusundan əl çəkmir. O, Tiflis Qızlar Məktəbinə daxil olur, orada təhsil alaraq dərin biliyə yiyələnə bilir.Təhsilini davam etdirmək, Avropada mükəmməl bilik alaraq vətənində xidmət göstərmək istəyən Leyla xanıma dövrünün böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev dəstək durur, onun maddi yardımı ilə bu gənc qız İsveçrəyə gedir, Lozanna Universitetinin tibb fakültəsinə daxil olur. Bu həmin dövr üçün böyük, bəlkə də inqilabi bir addım idi. Çünki azərbaycanlı qadın, həmçinin müsəlman cəmiyyətində yetişmiş gənc bir qız ilk dəfə idi ki, təhsil almaq üçün xaricə - Avropaya yollanırdı və beləliklə də Leyla xanım Şahtaxtinskaya Avropada təhsil alan ilk azərbaycanlı qadın kimi adını tarixə yazdırır.
Tibb elminin sirlərini dərindən yiyələnən Leyla xanım III kursda təhsil alarkən, 1907-ci ildə İsveçrədə qəflətən dünyasını dəyişir. Həyatdan nakam köçən, bəlkə də böyük bir elmi fəaliyyətin və parlaq gələcəyin sonlanması həmin dövrdə Azərbaycan ziyalılarını dərin kədərə bürüdü, sevənlərini sarsıtdı. Belə bir gənc və istedadlı xanımın, fəaliyyəti ilə Azərbaycan qadınına yol göstərən və gələcəyini aydınladan insanın dünyadan gözlənilmədən köçməsi “Molla Nəsrəddin” kimi dövrünün ən qabaqcıl jurnalının da gözündən yayınmadı, jurnalın 1908-ci il 52 nömrəli sayında Leyla xanım Şahtaxtinskayanın ölümü ilə bağlı nekroloq dərc edildi. Nekroloqda Leyla xanımla bağlı olaraq deyilirdi: “... İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi. Əfsus, qismət olmadı. Leyla xanım keçən il İsveçrədə soyuqdəymədən vəfat elədi. Avropaya elm dalınca gedən müsəlman qızlarından Leyla xanımdan savayı bir özgəsini eşitməmişik. “Molla Nəsrəddin”in arzularından xəbərdar olanlar gərək bilsinlər ki, bir belə vücudun yox olmağı bizim üçün təskinsiz bir dərddir. Jurnalımızın səhifəsini mərhumənin surəti ilə bəzədik ki, gələcəkdə Leyla xanımın vətən bacıları hər dəfə həmin vərəqi görəndə desinlər: bu bacımız vəfat etdi, bəs insafdırmı bunun yeri boş qalsın? Rəvadırmı bundan sonra İsveçrədə elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş? Dəxi dünyada müsəlman qızı yoxdur, bəlkə dünyada heç müsəlman yoxdur!.. Rəvadırmı?”.
Heç kimin gözləmədiyi bir anda dünyasını dəyişən Leyla xanım Şahtaxtinskaya, “Molla Nəsrəddin” jurnalında da qeyd edildiyi kimi, xalqımız üçün böyük itki idi.