Xəlilov Zahid İsmayıl oğlu 1911-ci il fevralın 14-də Tiflis şəhərində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1940-cı ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1946-cı ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, professor elmi adını almış, 1955-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir.
1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda elmi fəaliyyətə başlamış, riyaziyyat və nəzəri fizika seksiyasını, daha sonra isə riyaziyyat bölməsini yaratmışdır. Azərbaycan SSR EA vitse-prezidenti (1957-1959), Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1959-1962), Azərbaycan SSR EA-nın prezidenti (1962-1967), Riyaziyyat və Mexanika İnstitutunun direktoru (1967-1974) olmuşdur.
Z.Xəlilov Azəbaycanda funksional analiz məktəbinin yaradıcısıdır. Kompleks dəyişənli funksiyalar və sinqulyar inteqral tənliklər vasitəsilə poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsini həll etmiş və alınmış nəticələri söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq etmişdir. Normallaşdırılmış halqalarda və Banax fəzasında klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirən tamam kəsilməz operatorlu xətti tənliklər nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir. İlk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq etmişdir. Qaz və neftin filtrasiyası nəzəriyyəsinin ümumi məsələsini həll etmiş, aldığı nəticələr respublikada bu sahədə bir sıra tətbiqi məsələlərin həll edilməsinə zəmin yaratmışdır. İlk dəfə normallaşdırılmış halqalarda abstrakt sinqulyar operatorlar nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir.
Funksional analizin üsullarını diferensial və inteqral tənliklər nəzəriyyəsinin sərhəd məsələlərinin və optimal idarəetmə məsələlərinin həllinə müvəffəqiyyətlə tətbiq etmiş, xətti yarımharmonik tənliklər sistemində ümumi sərhəd məsələlərini tədqiq edərək, requlyar həqiqi həllər üçün ümumi kompleks göstəriliş almışdır. Banax fəzasında qeyri-məhdud operatorlu kvazixətti tənliklərin həllinin dayanıqlığı məsələsini həll etmişdir. Dəyişənlərinə ayrılmayan hiperbolik və parabolik tənliklərdə qarışıq məsələnin həlli üçün axtarılan həllin operatorun baş hissəsinin məxsusi funksiyalarına görə ayrılışından istifadə edərək yeni üsul təklif etmişdir.
SSRİ-də funksional analiz üzrə ilk monoqrafiyanın - “Funksional analizin əsasları” (1949, rus dilində) - müəllifidir. 100-dən çox elmi işin və 4 monoqrafiyanın müəllifidir. 30-dan çox fəlsəfə doktoru və elmlər doktoru hazırlamışdır.
Sovet Riyaziyyat və Mexanika Komitəsinin üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.
1960-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1964-cü ildə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişan” ordenləri ilə təltif edilmişdir.
Akademik Zahid Xəlilov 1974-cü ildə vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Mənbə: https://portal.azertag.az/az