Mirqasımov Mirəsədulla Mirələsgər oğlu 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. 1913-ci ildə Odessada Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirib.
M.Mirqasımov 1927-ci ildə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı tibb elmləri doktoru olub, 1928-ci ildə professor elmi adı təsdiq edilib.
M.Mirqasımov 1945-ci il martın 31-də Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və bu Akademiyanın ilk prezidenti seçilib.
M.Mirqasımov 1913-1916-cı illərdə ilk əmək fəaliyyətinə başlayıb və Novorossiysk İmperator Universitetinin terapevtik hospital klinikasında ordinator vəzifəsində, Odessa şəhər Yevangeliya Alman xəstəxanasında isə cərrah vəzifəsində çalışıb, 1916-cı ildə Bakıya qayıdıb, əvvəl hərbi lazaretdə cərrah-ordinator, Mixaylovski xəstəxanasında baş ordinator vəzifələrində işləyib, sonra Bakı Universitetinin tibb fakültəsinə dəvət alıb, hospital cərrahiyyəsi kafedrasına assistent təyin olunub. 1926-cı ildə o, Berlinə-Münhen Universiteti klinikasına uzunmüddətli elmi ezamiyyətə göndərilib. M.Mirqasımov 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun hospital cərrahiyyəsi kafedrasının müdiri seçilib və ömrünün sonunadək bu vəzifədə fəaliyyət göstərib.
M.Mirqasımov Azərbaycanda urologiya elminin banisi kimi tanınan dünya şöhrətli alimlərdəndir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsi, urokalkulyoza dair topladığı geniş materialların kimyəvi-topoqrafik metodla tədqiqi, prostatın hipertrofiyasının cərrahi müalicəsi, qarın yatalağı peritonitlərinin diaqnostikası və müalicəsi, cərrahiyyənin müxtəlif aktual problemləri təşkil etmişdir.
M.Mirqasımov 90-a qədər çap olunmuş elmi işin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi, 6 doktorluq, 20 namizədlik dissertasiyası işinin elmi məsləhətçisi və elmi rəhbəri olub. Fəaliyyəti dövründə çox sayda beynəlxalq qurultay, simpozium, konfrans və konqreslərdə elmi məruzələrlə çıxışlar edib, xarici mətbuatda dünya səhiyyəsində maraq doğuran elmi məqalələr çap etdirib.
M.Mirqasımov Ümumdünya Cərrahlar Assosiasiyasının, Ümumittifaq Cərrahlar Cəmiyyətinin, Ümumittifaq Uroloqlar Cəmiyyəti Rəyasət Heyətinin fəxri üzvü, Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olub.
M.Mirqasımov 1936-cı ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 1937, 1946 və 1950-ci illərdə I, II və III çağırış SSRİ Ali Sovetinə deputat seçilib, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Qırmızı ulduz” və “Lenin” ordenləri, habelə “Qafqazın müdafiəsi”, “1941-1945-ci illərin Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə” medalları və s. ilə təltif olunub. Azərbaycan Səhiyyə Nazirliyinin Respublika xəstəxanasına M.Mirqasımovun adı verilib, bu xəstəxananın həyətində alimin büstü qoyulub, 2014-cü ildə ilk dəfə AMEA-nın “Akademik M.Mirqasımov adına mükafatı” təsis edilib.
Akademik M.Mirqasımov 19 iyul 1958-ci ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.